Uitkoff istefa verəcək?
ABŞ prezidentinin Yaxın Şərq üzrə xüsusi elçisi Stiv Uitkoff 2025-ci ilin sonuna qədər istefa verə bilər.
SAVASHMEDİA.az xəbər verir ki, bunu məsələ ilə tanış olan amerikalı məmur “The Times of Israel” qəzetinə bildirib.
Amerikalı məmurun sözlərinə görə, Uitkoffun təyin olunduğu vaxtdan 130 günlə məhdudlaşan səlahiyyət müddəti uzadıla bilər, lakin o, Qəzzadakı münaqişənin həllində dönüş fonunda “zərif şəkildə uzaqlaşmağa” hazırlaşır.
Uitkoff Yaxın Şərqlə yanaşı, Ukrayna ilə bağlı danışıqlarda iştirak edirdi. Bu ilin fevral-avqust aylarında o, Rusiya prezidenti Vladimir Putinlə görüşmək üçün beş dəfə Rusiyaya səfər edib.
ABŞ-nin vitse-prezidenti Cey Di Vens qeyd edib ki, Uitkoffun vasitəçiliyi ilə Rusiya və ABŞ fikir ayrılıqları siyahısını azalda bilib. Hərçənd, “Reuters” mənbələrinin məlumatına görə, Trampın xüsusi elçisi Putinlə görüşləri zamanı dəfələrlə standart protokolu pozurdu. O, həmin görüşlərə ABŞ Dövlət Departamentinin stenoqrafı olmadan qatıldığından Vaşinqton Moskvanın konkret təkliflərinin yazılmadığı durumu ilə üzləşmişdi.
Bundan başqa, avropalı məmurlar hesab edirdilər ki, Trampın xüsusi elçisi Rusiya prezidentini düzgün anlamamışdı. Buna guya Putinin Ukrayna ərazisinin bir hissəsi ilə bağlı iddialarından imtina etməyə hazır olması barədə Uitkoffun açıqlaması səbəb olmuşdu. Putin isə öz növbəsində bildirmişdi ki, Uitkoff onun mövqeyini Trampa dəqiq çatdırıb, çünki Alyaska sammiti zamanı buna şahid olub.
Uitkoff isə bu arada Fox News telekanalına müsahibəsində qeyd edib ki, Qəzza zolağında atəşkəs və Fələstin-İsrail münaqişəsinin dinc yolla həllinin axtarışı Ukrayna böhranının həllinə təsir edə bilər. Lakin o, bunun necə olacağına aydınlıq gətirməyib.
68 yaşlı Stiv Uitkoff ABŞ prezidentinin çoxdankı tərəfdaşıdır. Tramp prezident seçkilərində qalib gəldikdən sonra Uitkoffun Yaxın Şərq üzrə xüsusi elçi kimi fəaliyyət göstərəcəyini açıqladı. Uitkoff heç bir diplomatik təhsilə malik və heç bir danışıqlarda tanınmış fiqur olmadığına baxmayaraq, Tramp bəyan etdi ki, o, “sülh üçün sarsılmaz səs olacaq və hamını qürurlanmağa vadar edəcək”.
Uotkoff indiki administrasiyada Rusiya ilə, o cümlədən enerji sektorunda əməkdaşlığın tərəfdarı olub. Tramp bu yaxınlarda Moskvaya qarşı ritorikasını sərtləşdirdi və Ukraynanın müharibədə qalib gələcəyini proqnozlaşdırdı.
Xatırladaq ki, Stiv Uitkoff fevralda Rusiyaya ilk səfərindən sonra Azərbaycana da gəlmişdi. Xarici KİV onun təyyarəsinin Bakıda 7 saat qaldığına diqqəti cəlb etmişdi. Bu il avqustun 8-də Azərbaycan prezidenti İlham Əliyev amerikalı həmkarı Donald Tramp və Ermənistanın baş naziri Nikol Paşinyanla Vaşinqton şəhərində keçirilmiş görüşə dair Birgə Bəyannaməni imzaladılar. Həmin tədbirdə İlham Əliyevin Stiv Uitkoffla səmimi və mehriban görüşü xüsusi elçinin Bakıya təsadüfən səfər etmədiyindən xəbər verirdi.
Xatirə SADİQ