“Ukrayna referendumun nəticələrini tanımalıdır” - Putin

“Moskva təkid edir ki, Kiyev 2022-ci ilin payızında DXR, LPR, Zaporojye və Xerson vilayətlərində bu ərazilərin Rusiyanın tərkibinə daxil olması ilə bağlı keçirilmiş referendumların nəticələrini tanısın”.

Jun 21, 2025 - 14:44
“Ukrayna referendumun nəticələrini tanımalıdır” - Putin

SAVASHMEDİA.az xəbər verir ki, Ukraynanın ərazi bütövlüyünə zidd olan bu iddianı Rusiya prezidenti Vladimir Putin Sky News Arabia telekanalına müsahibəsində bildirib.

O, əlavə edib ki, bu nəticələrə məhəl qoymamaq “silahlı münaqişənin bərpa edilməsinə şansın olması deməkdir”. 

Putin həmçinin hesab edir ki, regionda uzunmüddətli sabitliyin əsasını Ukraynanın neytral statusu – xarici alyanslara üzvlükdən və nüvə silahından imtina təşkil edir. Bundan əlavə, onun sözlərinə görə, “həll edilməmiş humanitar məsələləri” çözmək lazımdır.

“Ümid edirəm ki, Ukraynanın hazırkı liderləri üçüncü tərəflərin maraqlarını deyil, milli maraqları rəhbər tutacaqlar. Ukrayna Rusiyaya qarşı işləyən xarici qüvvələrin əlində alət olmaqdan daha yaxşı taleyə layiqdir”, - deyə Putin vurğulayıb.

Xatırladaq ki, Ukrayna prezidenti Volodimir Zelenski Kremlin Ukraynanın ərazi bütövlüyünə və milli maraqlarına zidd olan tələblərini rədd edib. O, bəyan edib ki, Ukrayna neytral statusu elan etmək və NATO-ya üzv olmaq niyyətindən əl çəkmək niyyətində deyil.

Xatirə SADİQ