Ukrayna-Rusiya danışıqları üçün üç əsas mövzu açıqlandı - Uitkoff

“Ukrayna və Rusiya arasında danışıqların əsas mövzuları Ukrayna əraziləri, Zaporojye Atom Elektrik Stansiyasının (ZAES) statusu və Ukraynanın mühüm su yollarına çıxışı məsələləri olmalıdır”.

May 13, 2025 - 11:58
May 13, 2025 - 12:01
Ukrayna-Rusiya danışıqları üçün üç əsas mövzu açıqlandı - Uitkoff

SAVASHMEDİA.az “Breitbart News” portalına istinadən xəbər verir ki, bunu ABŞ prezidentinin xüsusi elçisi Stiv Uitkoff bildirib.

“Məncə, burada əsas məsələlər regionlar, ZAES, ukraynalıların Dnepr çayından necə istifadə edib, okeana çıxa biləcəkləridir”, - deyə xüsusi elçi vurğulayıb.

Uitkoff hesab edir ki, tərəflər danışıqlar masası arxasına toplaşsa, kompromislər tapmaq olacaq: “Biz onlar arasında məsələlərin dairəsini daraldacağıq, sonra onların hər bir problemini həll etmək üçün kompromislər və kreativ həll yolları tapacağıq”.

ABŞ prezidentinin elçisi qeyd edib ki, hazırda Ukraynada iki tərəf arasında “mübahisə predmeti” olan təxminən beş region var – ikisi Rusiyanın “güclü nəzarəti altında”, üçü isə “qarışıq nəzarət” altındadır. O, həmçinin ZAES-in “özünəməxsus mirvari” olduğunu və indi “bu müzakirənin vacib hissəsi” olduğunu söyləyib. Bundan başqa, su yolları və Ukraynanın Aralıq dənizi ilə əlaqə vasitəsilə dünya okeanlarına çıxış imkanı verən Qara dənizə necə çıxması da vacibdir.

Uitkoff onu da diqqətə çatdırıb ki, Rusiya lideri Vladimir Putinin razılığı olmadan sülh sazişi olmayacaq. “Mən hər iki tərəflə danışdım, çünki hamı ilə danışmasanız, vasitəçilikdə və ya həll yollarının hazırlanmasında necə iştirak edə bilərsiniz? Mən Andrey Yermakla danışmışam, prezident Zelenski ilə danışmışam, onların müdafiə naziri cənab Umerovla danışmışam. Bizim çox yaxşı, pozitiv müzakirələrimiz, müsbət münasibətlərimiz var. İngiltərədən, Fransadan, Almaniyadan, İtaliyadan bu işdə iştirak edən bütün milli təhlükəsizlik üzrə müşavirlərlə danışmışam. Və mən president Putinlə danışmışam. Razılaşma Putinin razılığı olmadan olmayacaq. O, Rusiya Federasiyasının lideridir, ona görə də Putinlə danışmamaq fikri... bu,  insanların hansısa şəkildə əleyhinə çıxış etdikləridir, mən bu məntiqi başa düşmürəm. Bizə hamı ilə danışmaq lazımdır”, - deyə Trampın elçisi yekunlaşdırıb. 

Xatirə SADIQ