Matışkə - Anlatma

- Ala, ala, matışkəyə bax, - deyə “Arşın mal alan” filmində iki qoçu mübahisəni kəsib, yoldan keçən rus qadına tamaşa edir. Acgözlüklə. 

May 13, 2025 - 11:55
Matışkə - Anlatma

Çünki qadın dərin dekoltesi olan paltardadır, sifəti açıqdır, sinəsi ağappaqdır. Belə şeyləri yazıqlar heç evdə də görmürlər... Bəs “matışkə” nə deməkdir? Axı Azərbaycan dilində belə söz yoxdur.

İşğaldan sonra Bakıda məskən salmış rus zabitlərinin, məmurların arvadları, hər cürə digər(...) xanımlar, o cümlədən cənuba gələn qonaqlar məhz belə geyinirdilər: rəngarəng don, dərin dekolte... Avropasayağı. Üstəlik, çoxlu ənlik-kirşan vururdular. Saç düzümü isə lap fantastik görünürdü. Kişiləri onlara dekolte qədər dərin hörmətlə “Матушка” (anacığaz, anacan) deyə müraciət edirdilər. Adi, təhsilsiz azərbaycanlı üçün bu sözün tələffüzü mürəkkəb idi. Odur ki, matışkə – can rahatlığı oldu.

Cəfər Cabbarlının “1905-ci ildə” əsərində personaj belə birisini Mariya Timofeyevna əvəzinə Mariya Tumanlifeynən adlandırır. Alçaltmaq məqsədilə yox, dilinə belə rahat yatır.

Bir dəfə rəsmi məclisin fasiləsində foyedə gəzişirdik. Üç nəfər arasında cavan mən idim. İclaslarda həmişə ön sıralarda əyləşən effektli yaşlı qadın yanımızdan keçəndə, qoca həmsöhbətim onu gözləri ilə müşayiət etdi. Qadını Mariya Tumanlifeynən adlandırdım. Əmin idim ki, kişi Azərbaycan təhsillidir və ədəbi anlayışı var. Yanılmadım: o, ürəkdən güldü.

Yanımızdakı digər vəzifəli şəxs isə mənə acı nəzərlə baxdı. Hesab etdi ki, “cızığımdan çıxıram”. Əslində özü milli mədəniyyətimizin cızığından kənar idi. Cabbarlını da oxumamışdı. Çünki rus məktəbində təhsil almışdı. Rus təhsilinin azərbaycanlını milli mədəniyyətdən, ədəbiyyatdan, xalq musiqisindən ayırdığını deyəndə, o cümlədən belə məsələləri nəzərdə tuturam.

A.ƏZİZ