“Ukrayna “Starlink”dən məhrum edilməyəcək” - Polşa

Polşa prezidenti Karol Navrotskinin ukraynalılara dəstək haqqında qanuna veto qoyması Ukraynanı Polşadan maliyyələşən “Starlink”dən məhrum etməyəcək. 

Aug 26, 2025 - 14:04
“Ukrayna “Starlink”dən məhrum edilməyəcək” - Polşa

SAVASHMEDİA.az xəbər verir ki, bu barədə Polşa prezidentinin dəftərxanasının başçısı Zbiqnev Boqutski X sosial şəbəkəsində yazıb.

“Prezident Navrotskinin vetosu Ukrayna üçün “Starlink” internetini bağlamır. Çünki bu rabitənin xərcləri mövcud qanunun müddəaları əsasında maliyyələşdirilir və Polşa prezidentinin Seymə təqdim etdiyi layihə bu qaydanı saxlayır. Sentyabrda operativ olaraq Polşa prezidentinin bu təşəbbüsünü Polşa parlamentində nəzərdən keçirmək kifayətdir”, - deyə dəftərxana başçısı vurğulayıb. 

Boqutski həmçinin ölkənin baş nazirinin müavini Kşiştof Qavkovskini “Rusiya dezinformasiyası ilə oynamaqda” günahlandırıb. 

Onun sözlərinə görə, parlament veto qoyulmuş qanun layihəsinin əvəzinə prezident qanun layihəsini təsdiqləyərsə, Polşa Ukrayna üçün “Starlink”ə ödəniş etməyə davam edəcək.

O, əlavə edib ki, eyni vəziyyət Ukrayna administrasiyasının məlumatlarının təhlükəsiz yerdə saxlanmasının dəstəklənməsinə də aiddir.

Xatırladaq ki, dünən baş nazirin müavini Kşiştof Qavkovski yeni prezidentin ukraynalılara yardım haqqında qanuna veto qoymasısı sərt tənqid etmişdi. Onun sözlərinə görə, bununla Polşa döyüşən Ukraynaya verdiyi “Starlink” internetinin sonunu təmin edəcək, bu isə Putinə hədiyyədir.

Xatirə SADİQ