Ukraynakı əsirlərin Belarusda saxlanıldığı düşərgənin yeri bilindi

Rusiya hərbçiləri 2022-ci ilin yazında Belarusun Narovlya şəhərində ukraynalı məhbuslara işgəncələr vermək məqsədilə filtrasiya düşərgəsi təşkil ediblər. 

Nov 29, 2024 - 14:19
Ukraynakı əsirlərin Belarusda saxlanıldığı düşərgənin yeri bilindi

SAVASHMEDİA.az xəbər verir ki, bu nəticə “Azadlıq radiosu”nun Ukrayna xidmətinin “Sxemlər” layihəsinin təhqiqatında yer alıb. Müharibə cinayətlərinin sənədləşdirilməsi üzrə bu layihə Belarus Araşdırma Mərkəzi və “Azadlıq radiosu”nun Belarus xidməti ilə birgə əməkdaşlıq çərçivəsində həyata keçirilib. 

Jurnalistlər qeyd ediblər ki, Narovlyadakı filtrasiya düşərgəsinin dəqiq yerini müəyyənləşdiriblər. Bu, peyk görüntülərinin təhlili, məhbuslarla aparılan təbliğat videoları, keçmiş məhbusların ifadələri və hakerlərdən əldə edilən məlumatlar sayəsində mümkün olub. 

Nəşr bildirir ki, həm ukraynalı hərbçilərin, həm də mülki şəxslərin yerləşdiyi filtrasiya məntəqəsi Belarusun “Pripyat Alyansı” dövlət müəssisəsinin binalarından birinin ərazisində yerləşib. Araşdırmaçılar peyk təsviri məlumatlarına istinadən yazır ki, Rusiya hərbçiləri ən azı 2022-ci ilin mayına qədər orada ola bilərdilər.

Kiyev vilayətinin sakini Larisa Yaqodinskaya bildirib ki, onun iki oğlu 2022-ci ilin mart ayının sonunda Rusiya hərbçiləri tərəfindən Belarusa aparılıb. O zaman azyaşlı kiçik oğlu Vladislavı Mozır uşaq evindən vətənə qaytarmaq mümkün olub, böyük oğlu isə Rusiyaya aparılıb. Araşdırmaçıların fikrincə, indi həmin gənc Rusiya həbsxanalarının birindədir.

Vladislav Yaqodinski bildirib ki, onu və qardaşını həbsxana maşınında Belarus ərazisinə aparıblar. “Orada sərhədçilər vardı və mən onlardan [harada olduğumuzu] soruşdum. Onlar dedilər: “Belarus, Narovlya”, - deyə jurnalistlər ondan sitat gətiriblər. 

Vladislavın sözlərinə görə, məhbusları tərk edilmiş kolxozu xatırladan ərazidə saxlayıblar. O, mülki insanlara işgəncə verildiyini söyləyib.

Oxşar yeri araşdırmaçılara ukraynalı hərbçi Viktor da təsvir edib. O da həmin yerə Yaqodinski qardaşları ilə eyni vaxtda düşüb. “Bizim gözlərimiz bağlanmışdı. Bizi həbsxana maşınında aparırdılar. Birlikdə olduğumuz yoldaş deyir ki, o, sanki “Narovlya” eşitmişdi”, - deyə Viktor danışıb.

2022-ci il martın sonunda rus hərbçiləri tərəfindən əsir götürülən Ukrayna Silahlı Qüvvələrinin hərbçisi Boqdan Lısenko Narovlyadakı düşərgəni “təbliğat mənzərəsi” adlandırıb və mülki vətəndaşlara verilən işgəncələrdən danışıb: “Orada dinc insanları döyürdülər, aman Allah... Yəni orada davamlı olaraq qışqırıq səsləri eşidilirdi”. 

Jurnalistlər yazıblar ki, rus hərbçilərinin Narovlyaya apardığı ukraynalı mülki şəxslərin sayı yüzlərlə ola bilər.

Onlar hesab edirlər ki, belə düşərgə Belarus hakimiyyətindən xəbərsiz açıla  bilməzdi. Rusiya hərbçilərinin hərəkətlərinin Cenevrə Konvensiyasının pozulmasını göstərdiyi vurğulanıb. 

Jurnalistlər araşdırma ilə bağlı Belarus prezidenti Aleksandr Lukaşenkonun mətbuat katibi Natalya Eysmonta sorğu ünvanlayıblar. Məqalə dərc olunarkən Lukaşenkonun sözçüsü məsələnin şərh olunması xahişinə cavab verməyib. 

Xatirə SADİQ