Bəşər Əsəd devrilir? - Əleyhdarları Hələbin mərkəzini ələ keçirib

Suriyanın şimal-qərbində genişmiqyaslı hücuma keçən hökumət əleyhinə yaraqlılar noyabrın 29-na keçən gecə döyüşlərdən sonra Hələbin ətrafına yaxınlaşaraq şəhər mərkəzinə doğru irəliləyiblər. 

Nov 29, 2024 - 14:31
Bəşər Əsəd devrilir? - Əleyhdarları Hələbin mərkəzini ələ keçirib

SAVASHMEDİA.az xəbər verir ki, bu barədə Türkiyənin “Anadolu” agentliyi yerli mənbələrə istinadən məlumat yayıb.

Cihadçı qruplaşmanın Hələb və İdlib əyalətlərində 50-dən çox yaşayış məntəqəsini nəzarətə götürdüyü, təxminən 400 kvadrat kilometr ərazini ələ keçirdiyi bildirilir. 

Cümə günü səhər tezdən Əl-Nairab hərbi hava limanına hücum edən yaraqlılar orada bir helikopteri məhv ediblər. İslamçılar həmçinin prezident Bəşər Əsədin nəzarətində olan Suriya ordusunun ağır silahlarını, nəqliyyat vasitələrini və anbarlarını ələ keçirə biliblər.

“Anadolu”nun mənbələri qruplaşma döyüşçülərinin Suriya hökumət ordusunun  onlarla əsgərini əsir götürdüyünü iddia ediblər.

Əsəd rejimini İran, Rusiya və Livanın “Hizbullah” radikal qruplaşması dəstəkləyir.

Suriyada döyüşən tərəflərin barışdırılması üzrə Rusiya Mərkəzinin rəhbərinin müavini Oleq İqnasyuk bildirib ki, hökumət ordusu Rusiya aviasiyasının dəstəyi ilə “Cəbhət ən-Nusra” terror qruplaşmasının mövqelərinə hücum edib. 400 cihadçının öldürüldüyü iddia edilir.

İran Xarici İşlər Nazirliyi Hələbə qəfil hücumun ABŞ və İsrailin planlarının nəticəsi olduğunu bildirib.

Suriyada islamçıların hücumu fonunda media Bəşər Əsədin Rusiya prezidenti Vladimir Putinlə görüşmək üçün Moskvaya səfəri barədə xəbərlər yayıb. Onun bu səfəri ilə bağlı hələlik rəsmi məlumat yoxdur.

Xatirə SADİQ