Ukraynanın baş kəşfiyyatçısı azərbaycanlı jurnalistə nəyi etiraf etdi?

“Düşünürəm ki, 2025-ci ilin sonuna qədər cəbhədə atəşkəs rejiminə nail olacağıq”. 

Feb 20, 2025 - 17:15
Ukraynanın baş kəşfiyyatçısı azərbaycanlı jurnalistə nəyi etiraf etdi?

SAVASHMEDİA.az Ukrayna KİV-nə istinadən xəbər verir ki, bunu Baş Kəşfiyyat İdarəsinin rəisi Kirill Budanov Budanov azərbaycanlı jurnalist Eynulla Fətullayevə müsahibəsində deyib. 
 
“Haqqin.az” saytının baş redaktorunun “Necə düşünürsünüz, bu il atəşkəs rejimini əldə etmək mümkün olacaqmı” sualına Budanov belə cavab verib: “Sizi sırf şəxsi fikrim maraqlandırır? Düşünürəm ki, bəli”. 

Eynulla Fətullayevin “Yəni tərəflər buna yaxındır?” sualına cavabında Budanov deyib ki, bu, paradoksal vəziyyətdir. 

“Tərəflərin başlanğıc mövqelərinin diametral şəkildə ziddiyyət təşkil etməsinə baxmayaraq (mümkün qədər), düşünürəm ki, bu il atəşkəs rejiminə gələcəyik. Bu, nə qədər davam edəcək və nə dərəcədə təsirli olacaq – bu, başqa məsələdir. Amma bu baş verəcək”, - deyə Budanov vurğulayıb.

Mümkün sülhməramlılardan danışarkən Budanov bu addımın təhlükəsizliyin təminatı olacağını şübhə altında qoyub. O, bunu belə izah edib: “Dünyada sülhməramlıların daxil edilməsinin işlədiyi bir ölkə yoxdur”.

O, həmçinin əlavə edib ki, Rusiya Ukrayna daxilində sabitliyi pozmaq cəhdlərini dayandırmayacaq.

“Nə ruslar, nə də biz kardinal şəkildə yeni və irimiqyaslı nəsə fikirləşə bilməyəcəyik. Artıq hər şey işlənib. Bəli, cəhdlər olacaq (Ukraynada sabitliyi pozmaq – red.). Amma eybi yoxdur – hər bir hərəkətin əks-təsiri var”, - deyə baş kəşfiyyatçı yekunlaşdırıb. 

Xatirə SADİQ