Rusiya amerikalını rusiyalı ilə dəyişdirib – Peskov

Rusiyanın ABŞ-yə təhvil verdiyi amerikalı Mark Fogel bir rusiyalı şəxslə dəyişdirilib. 

Feb 12, 2025 - 15:59
Rusiya amerikalını rusiyalı ilə dəyişdirib – Peskov

SAVASHMEDİA.az Rusiya KİV-nə istinadən xəbər verir ki, bunu Putinin mətbuat katibi Dmitri Peskov deyib. 

Onun sözlərinə görə, Fogelin və rusiyalılardan birinin azadlığa buraxılması iki ölkənin müvafiq profilli qurumları arasında işin və əlaqələrin intensivləşməsinin nəticəsində baş verib. 

“Bu Rusiya Federasiyası vətəndaşı da yaxın günlərdə Rusiyaya qaytarılacaq”, - deyə prezidentin mətbuat katibi bildirib.

Peskov vurğulayıb ki, vətəndaşların azad edilməsi ilə bağlı hər hansı razılaşmadan əvvəl dəqiq iş aparılır. Onun fikrincə, sazişlər çətin ki, ölkələr arasında münasibətlərdə dönüş nöqtəsi olsun, lakin onlar tədricən etimadın qurulmasına töhfə verə bilər.

ABŞ dövlət katibi Marko Rubio Fogelin azad edilməsinin əhəmiyyətini daha təmkinli şəkildə qiymətləndirib. “Mən iddia etmək istəmirəm ki, bu gecə burada baş verənlər hər hansı bir şəkildə [münaqişənin sona çatması istiqamətində] ilk addımdır. Lakin əminəm ki, bu, rusların bununla bağlı nəsə etmək istəyinin yaxşı əlamətidir və ümid edirəm ki, yaxın günlərdə biz bunu inkişaf etdirə biləcəyik”, - deyə Rubio bildirib.

Moskvadakı ingilis-amerikan məktəbində müəllim işləyən Fogel 2021-ci ilin avqustunda Nyu-Yorkdan gələrkən Şeremetyevo hava limanında saxlanılmışdı. Onun baqajından 11 qram marixuana və 8 qram həşiş yağı aşkar edilərək götürülmüşdü. 2022-ci ilin yayında o, 14 il müddətinə azadlıqdan məhrum edilmişdi.

Xatirə SADİQ