Trampın xüsusi elçisi Moskvada Putinlə görüşüb?
ABŞ prezidentinin xüsusi nümayəndəsi Stiven Uitkoff Moskvaya səfəri zamanı Rusiya lideri Vladimir Putinlə 3 saatdan çox görüşmüş ola bilər.
SAVASHMEDİA.az xəbər verir ki, bu barədə “Fox News” telekanalının aparıcısı Şon Hanniti deyib.
Onun sözlərinə görə, Trampın çoxdankı dostu olan Uitkoff amerikalı müəllim Fogelin azad edilməsini təşkil etmək üçün Moskvada olarkən Putinlə 3,5 saatlıq görüş keçirib. Amma teleaparıcı Putinlə ehtimal edilən söhbət zamanı nəyin müzakirə olunduğunu açıqlamayıb.
“The Washington Post” nəşrinin Uitkoff və Putin arasında görüşü ilə bağlı sualına Ağ Evdən cavab verilməyib.
Xatırladaq ki, ABŞ prezidentinin xüsusi elçisi Stiven Uitkoff 3 ildən çox narkotik ittihamı ilə Rusiya həbsxanasında saxlanılan Fogeli vətəninə geri qaytarmaq üşün fevralın 11-də Moskvaya səfər edib.
Xatirə SADİQ