HƏMAS alman kanslerini qəzəbləndirdi

Almaniya kansleri Fridrix Merts HƏMAS-ın israilli girovların görüntülərini yaymasını kəskin pisləyib. 

Aug 4, 2025 - 13:13
HƏMAS alman kanslerini qəzəbləndirdi

SAVASHMEDİA.az xəbər verir ki, kanskler bu barədə X sosial şəbəkəsində yazıb.

Merts bildirib ki, hələ də HƏMAS-ın əlində olan girovlar Eviatar David və Rom Braslavskinin görüntüləri onu qəzəbləndirib.

“HƏMAS girovlara işgəncə verir, İsraili terror edir və Qəzza zolağının əhalisindən canlı qalxan kimi istifadə edir. Bu görüntülər səbəbi göstərir ki, HƏMAS nə üçün Qəzza zolağının gələcəyində heç bir rol oynamamalıdır”, - deyə kansler vurğulayıb. 

O, həmçinin qeyd edib ki, bütün girovların azad edilməsi atəşkəs razılaşması üçün ilkin şərt olacaq, eləcə də diqqətə çatdırıb ki, İsrail də öz növbəsində humanitar yardım üçün regiona çıxışı təmin etməlidir.

Fransa prezidenti Emmanuel Makron bu görüntüləri dözülməz adlandırıb. O, bildirib ki, gələcək nizamlanmanın bir hissəsi kimi HƏMAS tərksilah edilməlidir və fələstinlilərin həyatı üzərində hər hansı idarəetmə formasına buraxıla bilməz.

Xatırladaq ki, bu həftə Fransa və Almaniya Qəzza zolağında mülki şəxslərə havadan yardım göndərməyə başlayıb.

Bundan başqa, məhz Makron sentyabrda BMT-nin Baş Assambleyasında Fələstini dövlət kimi tanımağa hazır olduğunu bəyan edib. Sonradan isə bu təşəbbüsə bir sıra Qərb ölkələri qoşulublar. 

Xatirə SADİQ