Atama minnətdaram
Dünyada hansı dilin ən gözəl olduğu barədə dilçilər, fonetika üzrə mütəxəssislər faydasız mübahisə aparırlar. Bu mübahisədən tərcüməçilər, tələbələr, hətta musiqiçilər də yan keçmirlər. Görək, nə deyirlər.
İtalyan dili roman dil qrupuna aiddir və İntibah (Renessans) dövrünün əsas dili hesab edilir. İkinci Dünya müharibəsi zamanı elmi birliklər arasında məktublaşmada ondan fəal surətdə istifadə olunub. İctimai televiziyanın inkişafı ilə əlaqədar bu dil öz melodik səslənməsi sayəsində dünyada gur populyarlıq qazandı.
İtalyan dilində şəkilçilər sözlərin mənasını xeyli dərəcədə dəyişə bilər. Belə ki, eyni söz şəkilçilərdən asılı olaraq tamamilə başqa məna ifadə edir. Məsələn, “belladonna” gözəl qadın mənasını verir, lakin “belina” kimi işlənilsə, “yaxşı”, yaxud “bütün cəhətlərdən xoş” olacaq. Məhz bu dildən kök alaraq bütün dillərə “virtuoz”, “primadonna”, “fortepiano”, “maestro”, “arıya” və sair musiqi terminləri yayılıb. Eləcə də, kulinariya şedevrləri “pizza”, “amaretto”, “masarella”...
İtaliyalıların özləri isə ingilis dilindən çox sözü götürüb, lazım bildikləri cürə dəyişirlər, hətta bəzən onlara başqa məna verirlər və dünyada yayırlar.
Maraqlıdır ki, İtaliyada bir çox ləhcə var və onların daşıyıcıları bəzən bir-birini rahat başa düşmürlər. Ölkə əhalisinin 60 faizi ünsiyyəti məhz hər cür dialektik həftəbecərlə qurur.
İtalyan dili harada ən gözəl dil hesab olunub? Əlbəttə, İtaliyada keçirilmiş dil müsabiqəsində! Onların üç dili olsaydı, yəqin ki, bütün fəxri kürsünü götürərdilər. Amma cəmi 1 italyan dili olması səbəbindən, ikinci yerə Ukrayna dili layiq görülüb. Sonrakı yeri, iddia edilir ki, fransız dili tutur. Bu təsnifatda 4-cü yer türk dilinə verilib. Nədənsə əminəm: Azərbaycan dili müsabiqədə müstəqil dil kimi nəzərdən keçirilməyib. Bunu Anadolu türklərinin dilində ayrıca qanad biliblər. Tək qanadla isə, məlumdur ki, uçmaq olmur...
Türklər digər dillərdən söz götürməyə həvəs göstərmir, götürəndə isə onu başqa sözlə əvəz edirlər. Məsələn, ingilis dilindəki “kompyuter” sözü “bilgisayar” olub. Bilikləri saymaq hansısa başqa funksiyaya aiddir. Beynəlxalq ekspertlərin dediklərinə görə, türk dilinin qrammatikasında qaydadan istisnalara rast gəlməzsən. Bir çox digər dil isə sanki “Qaydalar, onları pozmaq üçün yazılıb” prinsipi üzrə işləyir və onlarda istisna normal haldır.
Gülünc təsnifatda türk dilinin ardınca ingilis dili göstərilir. Bu dil populyarlığa görə dünyada üçüncüdür. Lakin budurmu dilin əsas göstəricisi, meyarı?
Hər şeydən əvvəl onu deyək ki, dillər gözəl ola bilməz. Çünki dilin maddi “örtüyü”, “qatı”, “çanağı” – xarici cizgiləri, rəngi, konfiqurasiyası yoxdur. Əlbəttə, dil “şirin”, xoş olur. Səslənməsi ilə. Amma bu, zövq məsələsidir və obyektiv göstərici sayıla bilməz: birinə xoş gələn, digərinə naxoşdur.
Hər bir dil üçün asanlıqla yadda qalan və zəngin söz arsenalı xeyli vacibdir. Eləcə də, rahat qrammatik üsul və fəndlər. Bir sadə qayda isə dili son dərəcə rahat edir, qüvvətləndirir:
Sözlərin deyildiyi kimi yazılması və yazıldığı kimi tələffüz olunması.
Belə gözəl, mərd qaydaya görə ana dilimiz Azərbaycan dilinə son dərəcə minnətdaram!
Hər dil onun daşıyıcısı olan xalqın şüur və psixologiyasından irəli gəlir. Sonra dil əsrlər ərzində həmin amillərə təsir göstərir, onları formalaşdırır. Bəzi dillərdə mövcud olan “Bir şeyi eşidirik – başqa şey yazırıq”, yaxud “Yazılır bir cür, oxunur başqa cür” mənəviyyatsız qaydası həmin daşıyıcı xalqların şüuruna ikisifətlik, yalançılıq, riyakarlıq hissləri aşılayır. Rus, ingilis, fransız dilləri məhz belədir.
Ana dili ən əziz, ən şirin dildir. Ana öz övladını əmizdirərkən onu hansı dildə dindirir, şeir, nəğmə oxuyur, lay-lay deyirsə, məhz həmin dil körpə üçün ana dilinə çevrilir, belə sayılır. Deməli, ana dilini bizim üçün atamız seçir. Özünə arvad alanda, bizə kimin ana olacağına qərar qəbul edəndə...
Ana dilinin əhəmiyyəti haqqında danışmaq yüngüllükdür. Bu dil simamız, ruhumuz, canımızdır. Bütün başqa dilləri isə məntiqi təsnifat üzrə paylaşdıra bilərik.
Elmi, bədii ədəbiyyat, publisistika, referat və məqalələr, sənədli və bədii filmlər hansı dildə daha çox yazılır, çəkilir və hansı dilə daha tez tərcümə, dublaj edilirsə, həmin dil “gözəlliyindən” asılı olmayaraq ən əhəmiyyətli dildir. Odur ki, azərbaycanlı balaları Azərbaycan dilinin ardınca italyan, fransız, alman, əlbəttə rus dillərini deyil, “English”i öyrənməlidirlər. Bu iki məsələni ailələrə, cavan və qoca valideynlərə təkrar-təkrar eşitdirmək lazımdır. Mümkünsə, hər dildə.
A.ƏZİZ