“Rusiyanın məğlub olmasına icazə verməyəcəyik” - Çin

Çin hökuməti Ukraynaya qarşı müharibədə Rusiyanın uduzmasına imkan verə bilməyəcəyini diqqətə çatdırıb.

Jul 4, 2025 - 11:06
“Rusiyanın məğlub olmasına icazə verməyəcəyik” - Çin

SAVASHMEDİA.az “South China Morning Post” nəşrinə istinadən xəbər verir ki, bunu Çinin xarici işlər naziri Vanq Yi Avropa İttifaqının (Aİ) baş diplomatı Kaya Kallas ilə 4 saatlıq danışıqlar zamanı bildirib.

Danışıqlardan xəbərdar olan mənbələrin sözlərinə görə, Kallas ilə qapalı görüş zamanı Çinin xarici işlər naziri Rusiyanın məğlubiyyətinin Pekin üçün qəbuledilməz olduğunu bildirib. Vang bu mövqeyini ABŞ-nin daha sonra bütün diqqətini Çinə yönəldəcəyindən ehtiyatlanması ilə izah edib.

Buna baxmayaraq, Vanq ölkəsinin Rusiyaya maliyyə və ya hərbi dəstək göstərməsi ittihamlarını qəti şəkildə rədd edib. O, qeyd edib ki, əgər Çin, həqiqətən də, Moskvaya kömək etsəydi, “müharibə çoxdan bitərdi”.

Mənbələrin dediyinə görə, dörd saat davam edən gərgin müzakirə zamanı Vang dəfələrlə Kallasa "tarixi mühazirələr” oxuyub.

Qeyd edək ki, Çin rəsmi olaraq “bu münaqişənin tərəfi olmadığını” iddia etsə də, nazirin bəyanatı bunun əksini təsdiqləyir.

Xatirə SADİQ