AŞ sədrindən Trampa gözdağı
Avropa Şurasının (AŞ) sədri Antonio Kosta və Avropa Komissiyasının prezidenti Ursula fon der Lyayen fevralın 24-də - genişmiqyaslı müharibənin üçüncü ildönümündə Kiyevə səfər edəcəklərini elan ediblər.
SAVASHMEDİA.az xəbər verir ki, bu barədə Kosta “X” platformasında yazıb.
“Fevralın 24-ü Rusiyanın Ukraynaya genişmiqyaslı işğalının üçüncü ildönümü tamam olur. Bu münasibətlə Ursula fon der Lyayenlə birlikdə qəhrəman Ukrayna xalqına və demokratik yolla seçilmiş prezident Vladimir Zelenskiyə dəstəyimizi bir daha təsdiqləmək üçün Kiyevə getməyə qərar verdim”, - deyə AŞ sədri vurğulayıb.
Beləliklə, Kosta bu şəkildə Trampın “diktator Zelenski” açıqlamasına dolayı yolla cavab verib.
Kostanın ismarıcından məlum olur ki, səfər haqqında qərar son günlərdə verilib. O, həmçinin Afrikanın Kot-d'İvuar ölkəsinin lideri və UNESKO rəhbərliyindən üzr istəyib. Çünki səfərə görə, həmin tarixə planlaşdırılan tədbirlər ertələnib.
Qeyd edək ki, fevralın 24-də İspaniyanın baş naziri Pedro Sançes, Litvanın prezidenti Gitanas Nauseda və Avropa komissarları Kiyevə gəlməyi planlaşdırırlar.
Xatirə SADİQ