Külbaş – Anlatma
“Kül olsun başına!”. Bu, məişətdə geniş yayılmış ən ağır qarğışlardan biridir. Adətən qiz-qadın deyir. Mənasını bilmədən.
Mənasını isə heç “müqəddəs” akademik kitab olan “Azərbaycan dilinin izahlı lüğəti” də açmır. Orada yazılıb:
“KÜLBAŞ, is. dan. Bədbəxt, işi düz gətirməyən, zərərdidə, pisgünlü. // Qarğış, danlaq, təhqir məqamında. [Mahmudun arvadı:] Ay külbaş, mənə bir dəst paltar ala bilməyirsən, sənə nə olub ki, dəvə boyda qızı da evində saxlayıb bəsləyirsən?! B.Talıblı. Biz almışıq övrəti can-baş desin; Almamışıq hey bizə külbaş desin. Ə.Nəzmi".
Bəs niyə insanı külbaş adlandırırlar? Külün başda nə işi var?
Uzaq qədim zamanlarda ortada tonqal qalanardı. Mağarada, həyətdə. Sonradan da yerdə, manqalda həmişə yanmış odunun soyuq qalıqları olardı. Əzizi ölmüş qadınlar qara və xınalı saçlarını gizlətmək üçün sönmüş ocağın külünü başlarına səpərdilər. Bu, yaraşığı, parlaqlığı aradan götürürdü, matəmin ruhuna uyğun gəlirdi. O vaxtdan kiməsə “Kül olsun başına!” deyiləndə, “Əzizin ölsün!”, “Görüm dərdə dücar olasan!” nəzərdə tutulub.
Ruslarda mənşəcə avropalı olan nağıl qəhrəmanı “Zoluşka” adlanır. Bu, “зола” (kül) sözündəndir. Qız o qədər çalışır, ən çirk işləri görürdü ki, sir-sifəti həmişə külə batırdı. Əsəri və eyni adlı bədii, cizgi filmlərini Azərbaycan dilinə tərcümə edənlər qızın və əsərin adını olduğu kimi saxlayırlar. Halbuki dilimizdə “zola” sözü və “-uşka” kiçiltmə şəkilçisi yoxdur. Belə çıxır ki, savadlı tərcüməçi də...
Əslində, Zoluşka həmin bədbəxt qızın adı deyil, təxəllüsüdür. Çünki belə ad ruslarda da olmur. Təxəllüs isə bir yandan qızın görkəminə, o biri tərəfdən isə acı taleyinə uyğun gəlir.
Bəs “Zoluşka” Azərbaycan dilinə necə tərcümə olunmalıdır? Əlbəttə, “Külbaş” kimi! Simasındakı kül də, taleyinin acılığı da bu sözlə dəqiq, düzgün ifadə olunur, həmahəng səslənir.
“Külbaş” sözü məişətdə çoxdandır ki, ocağın külündən kənarlaşaraq, yalnız bədbəxtliyə işarədir. Ocaq külünü isə ölü yerində təkcə azərbaycanlı qadınlar deyil, saçı tünd rəngdə olan əksər xalqlarda – Qafqazda, Mərkəzi Asiyada, Yunanıstan, İtaliya, İspaniya kimi cənubi Avropa ölkələrində, ərəb dünyasında, Afrikada, Amerikada tətbiq ediblər. Ruslarda belə ifadə var: “Посыпать голову пеплом” – “Başa kül səpmək”.
Zaman dəyişib, qəribə, vəhşi ənənələr öz əhəmiyyətini itirib. Bircə o çatmır ki, sonra saçı yumaq üçün bahalı şampun işlədəsən...
A.ƏZİZ