“Ukraynaya daha böyük və çevik köməyimiz lazımdır” - Mark Rutte
“Avropa və dünya təhlükəsizliyinin gələcəyi Ukraynada müharibənin necə başa çatmasından asılıdır”.
SAVASHMEDİA.az xəbər verir ki, bu barədə Avropa Parlamenti komitəsinin iclasında NATO-nun baş katibi Mark Rutte deyib.
“Biz hamımız istəyirik ki, bu müharibə bitsin. Amma bu sülhün uzun müddət davam etməsi daha vacibdir. Mən müharibənin necə və nə vaxt bitəcəyini bilmirəm. Amma bilirəm ki, Putin Ukraynada öz istədiyini alsa, sülh davam etməyəcək. Çünki o zaman o, daha da irəli gedəcək”, - deyə Rutte xəbərdarlıq edib.
Baş katib qeyd edib ki, əgər razılaşma nəticəsində Rusiya və onun müttəfiqləri özlərini daha güclü hiss edərlərsə, belə sülh uzun sürməyəcək və bu, qlobal qeyri-sabitliyə aparan yoldur.
“Sülh yalnız o zaman uzun ola bilər ki, Ukrayna güc mövqeyindən çıxış edərək danışıqlar masasına oturacaq. Bunun üçün isə ona bizim daha böyük və cevik köməyimiz lazımdır. Gəlin ümid edək ki, biz Ukrayna üçün təhlükəsizlik təminatlarını müzakirə etmək kimi “təmtəraq” məqamına mümkün qədər tez malik olacağıq. Çünki bu, artıq danışıqların getdiyi, bizim yeni mərhələyə qədəm qoyduğumuz demək olacaq. Amma indi Ukrayna hələ bu məqamda deyil. Hazırda Ukrayna güc mövqeyindən danışıqları apara bilmir. Və biz münaqişənin trayektoriyasını dəyişdirməklə buna nail olmaq üçün daha çox iş görməliyik”, - deyə Mark Rutte əminliyini ifadə edib.
Xatirə SADİQ