“Uzbekistan Airways”  Rusiya və Belarus səmasından imtina etdi

Özbəkistanın “Uzbekistan Airways” milli aviaşirkəti yanvarın 20-dən etibarən Rusiya və Belarusun hava məkanından yan keçərək Avropa ölkələrinə uçuşlara başlayıb. 

Jan 28, 2025 - 11:47
“Uzbekistan Airways”  Rusiya və Belarus səmasından imtina etdi

SAVASHMEDİA.az xəbər verir ki, bu barədə “Fərqanə” agentliyinə istinadən “The Moscow Times” məlumat yayıb.

Məlumata görə, aviaşirkət Avropa istiqamətində bütün uçuşları Azərbaycan və Türkiyə ərazisindən həyata keçirir.

Şirkət bu qərarı dekabrın 25-də Bakıdan Qroznıya uçan “Azərbaycan Hava Yolları”na (AZAL) məxsus “Embraer E190” təyyarəsinin Qazaxıstanın Aktau şəhərinin yaxınlığında qəzaya uğramasından sonra verib. Hərçənd Avropaya marşrutların dəyişdirilməsinin təyyarə qəzası ilə bağlı olub-olmadığını sualına Özbəkistan Hava Yollarının nümayəndəsi “bunlar sadəcə ehtiyat tədbirləridir” cavabını verib.

“The Moscow Times” xatırladıb ki, Azərbaycan prezidenti İlham Əliyev “Embraer E190” təyyarəsinin qəzaya uğramasının səbəbini yerdən vurulması ilə izah edib. “Reuters” və “Euronews”un Azərbaycan hökumətindəki mənbələri dəqiqləşdiriblər ki, Qroznıya dronların hücumu zamanı təyyarə “Pantsir” qurğusundan raketlə vurula bilərdi. Qəzadan üç gün sonra Rusiya prezidenti Vladimir Putin Əliyevə zəng edərək “Rusiya hava məkanında baş verən faciəvi insident”ə görə üzr istəyib. Prezident Əliyev baş verənlərə görə Rusiyanın günahı öz üzərinə götürməsini tələb edib.

Bundan sonra səkkiz xarici aviaşirkət Rusiyaya uçuşları qismən dayandırmaq qərarına gəlib. Onların arasında Qazaxıstanın “Qazaq Air”, İsrailin “El Al”, ərəb “Flydubai”, Serbiyanın “Air Serbia”, Özbəkistanın “Qanot Şərq”, Türkmənistanın “Türkmən Hava Yolları”, Çinin “China Southern” və Azərbaycanın AZAL şirkətləri var.

Avropa Aviasiya Təhlükəsizliyi Agentliyi (EASA) aviaşirkətləri isə Rusiyanın beş şəhərinə: Moskva, Sankt-Peterburq, Yekaterinburq, Rostov-na-Donu və Samaraya uçuşları dayandırmağa çağırıb. EASA tövsiyəsini Ukraynaya qarşı davam edən müharibə ilə əsaslandırıb.

Xatirə SADİQ