Varşava və Praqa rusiyalı diplomatlara bunun qadağan olunmasını istəyir
Polşa və Çexiya diplomatik status adı altında Avropada təxribat törətməkdə şübhəli bildiyi rus diplomatlarının Şengen zonası daxilində sərbəst hərəkətinin məhdudlaşdırılması üçün lobbiçilik edir.
SAVASHMEDİA.az xəbər verir ki, bu barədə “Rzeczpospolita” mənbələrinə istinadən məlumat yayıb.
“Rusiyalıların Polşada və Avropa İttifaqında (Aİ) kəşfiyyat fəaliyyətini həyata keçirməsini çətinləşdirən istənilən ideya özünü doğruldur. Təsadüfi deyil ki, diplomatların deyil, de-fakto casusların hərəkət azadlığının məhdudlaşdırılması təşəbbüsü uzun illər Rusiya kəşfiyyatının fəaliyyəti ilə mübarizə aparan Çexiya xidmətləri tərəfindən irəli sürülüb”, - deyə Polşanın əks-kəşfiyyat xidmətinin keçmiş rəhbəri, polkovnik Yacek Monka bildirib.
Praqa 2023-cü ilin noyabrında “BKİ (QRU) və digər xüsusi xidmət orqanlarının agentləri” adlandırdığı rus diplomatlarının Şengen zonasında hərəkətinə qadağa qoyulması təşəbbüsünü irəli sürmüşdü.
Bu təşəbbüs 2024-cü ilin iyununda Danimarka, Estoniya, Latviya, Litva, Hollandiya, Polşa və Rumıniya tərəfindən dəstəkləndi. Bu ölkələrin xarici işlər nazirləri Aİ xarici siyasət idarəsinin o vaxtkı başçısı Josep Borrellə ünvanladıqları məktubda qadağa barədə çağırış etdilər. NATO-nun o vaxtkı baş katibi Yens Stoltenberq də həmin müraciəti dəstəklədi. 2025-ci ilin əvvəlində çexlər bu bəndi Aİ-nin 16-cı anti-Rusiya sanksiyaları paketinə daxil etməyə çalışdılar.
Təhlükəsizlik məsələləri üzrə mütəxəssislər də bu təklifi dəstəkləyirlər. Milli Müdafiə İdarəsinin (UOP) kəşfiyyat xidmətinin keçmiş rəis müavini Petr Nemçik bildirir ki, rus diplomatları diplomatik toxunulmazlıqdan istifadə edərək “tez-tez kəşfiyyat xidməti ilə bağlı tapşırıqları yerinə yetirirlər”. Buna görə də, o, hesab edir ki, onların səyahətlərində hər hansı çətinlik böyük əhəmiyyət kəsb edir. O xatırladıb ki, ABŞ-də uzun illər sovet diplomatlarına ölkə daxilində hərəkət etmək qadağan edilib. Onlara yalnız diplomatik akkreditasiyaya malik olduqları şəhər və ya əyalət daxilində səyahət etməyə icazə verilirdi.
Polşa Xarici İşlər Nazirliyinin məlumatına görə, hazırda ölkədə 21 rus diplomatı var. Onlar Varşavadakı səfirlikdə, Qdansk və Krakovdakı baş konsulluqlarda çalışırlar. Bu, üç il əvvəl Polşada fəaliyyət göstərən bütün Rusiya diplomatik korpusunun üçdə bir hissəsidir. 2024-cü ilin iyun ayından onlara yalnız konsulluq dairəsinin ərazisi daxilində hərəkət etməyə icazə verilir.
Polşanın xüsusi xidmət orqanlarının hesablamalarına görə, Aİ ölkələrində diplomatik statusu olan rusların 20%-i kəşfiyyatçıdır. “Bu o deməkdir ki, hibrid hücumlarda iştirak edən 400 agent Aİ daxilində sərbəst hərəkət edə bilər”, - deyə Polşanın xarici işlər naziri Radoslav Sikorski Brüsseldə deyib.
Xatirə SADİQ