“Vətəndaşlar daha çox artım gözləyirdi” – Natiq Cəfərli

Xəbər verildiyi kimi, gələn il Azərbaycanda minimum əməkhaqqı artırılacaq. 

Nov 18, 2024 - 17:05
Nov 18, 2024 - 17:06
“Vətəndaşlar daha çox artım gözləyirdi” – Natiq Cəfərli

Bu, “Hesablama Palatasının Azərbaycan Respublikasının 2025-ci il dövlət büdcəsi haqqında” qanun layihəsinə rəyində əksini tapıb.

Bildirilir ki, minimum əməkhaqqı 2024-cü illə müqayisədə 55 manat, yaxud 15,9 faiz artırılaraq 400 manat olacaq. Bundan başqa, yaşayış minimumu da ölkə üzrə 285 manat səviyyəsinə qalxacaq. Həmçinin minimum pensiya məbləğinin 280 manat olacağı nəzərdə tutulub.

İqtisadçı ekspert Natiq Cəfərli SAVASHMEDİA.az-a açıqlamasında artımı şərh edərkən qeyd edib ki, qanunvericilikdəki boşluqlar insanları sevinməyə imkan vermir:

"Təəssüf ki, gözləntilər başqa yöndə idi. Son illərdəki qiymət artımı və inflyasiya fonunda vətəndaşlar daha çox artım gözləyirdilər. Lakin burada qanunvericilikdəki problemlər ortaya çıxır. Baxın, əziyyət çəkəcək şəxslərin bir hissəsi də kiçik sahiblarlardır. Bu insanların sayı təxminən 700-800 min civarındadır. Qanunvericilikdə qeyri-peşəkar yanaşma var. Mimimum əmək haqqı artan kimi, avtomatik Dövlət Sosial Müdafiə Fonduna da (DSMF) ödənişlər artır. Təsəvvür edin, 800 minə qədər insan VÖEN-lə çalışır. Onların da ödənişlərində artımlar olacaq". 

İqtisadçı bildirib ki, qanunvericilikdə ciddi dəyişikliklər etmək lazımdır:

"Bir çoxu əmək haqqısının 25 faizini ödəyir. 400 manat mimumum əmək haqqı olacağını nəzərdə tutsaq, burada vergi və digər xərcləri çıxdıqda, vətəndaşa az məbləğda pul qalır. Heç kimdə zəmanət yoxdur axı VÖEN-lə çalışanlar hər ay yüksək vəsait qazanır. Elə ola bilər ki, fəaliyyət göstərənlərin aylıq dövriyyəsi 300 manat olsun, bunun DSMF-si və vergisini çıxdıqda yerdə cüzi pul qalır. Boşluqlar aradan qaldırılmalıdır. Bundan başqa, mimimum pensiya məbləği artan kimi, DSMF-dəki yığım hissəsində də dəyişiklik olur. İndi toplanmalı olan məbləğ 40320 manatdırsa, yanvardan bu da qalxacaq. Dediyim kimi, ciddi boşluqlar var. Bunlar düzəltmək lazımdır. Bunlar vətəndaşın artıma sevinməsinə də imkan vermir".

Səlcuq