Vəziyyət ruscadır

Arvadı rus olan azəri mənə demişdi: Bir oğul hələ oğul deyil. İki oğul – yarım oğuldur. Üç nəfər oğul – bir tam oğuldur.

May 5, 2025 - 12:09
Vəziyyət ruscadır

Yəni, heç olmasa 1 oğul istəyirsənsə, gərək üçünü dünyaya gətirəsən. Bu məsələyə sonra qayıdarıq.

Tək qocanın aylıq xərcləri nə qədər ola bilər? Kosmik arzularsız – üstü açıq “Ferrari”siz, Floridada mulksüz, Hind okeanında adasız... Tələbat ərzaq, gigiyena, kommunal xidmətlər, sağlıq, geyim və digər lazımi, birinci növbəli məsələləri əhatə edir.

Ərzaq məhsulları haqqında danışmağa başlamaqdan əvvəl şərtləşək ki, həmin şəxsin xəstəliyi var. Məsələn, diabet. Ərzağı bu işi nəzərə almaqla hesablayaq. Hərçənd, daha ağır xəstəliklər, onların kombinasiyası da olur.

Deməli, aylıq və orta aylıq xərclər.

Keyfiyyətli kərə yağı – 22 manat. Delikates olmayan ağ pendir – 10 manat. Çörək, gün ərzində 50 qəpik hesabı ilə, ayda 15 manat. Diyetik qənd və toz – 10 manat. Sıyıq bişirməkdən ötrü şəkər tozu – 3 manat. Qarabaşaq (həkimlər məsləhət görürlər) – 3 manat. Manna yarması – 3 manat. Makaron, vermişel – 4 manat. Düyü – 2 manat. Hər hansı bişinti, məsələn qoğal – 3 manat. Un – 1 manat. Lumu – 3 manat. Süd – 4 manat. Qatı süd (südlü sıyıq üçün) – 5 manat. Mal əti – 20 manat. Toyuq – bütövlükdə və hissələrlə - 35 manat. Balıq – 20 manat. Bilirəm, azdır... Çay – 10 manat. Bitki yağı (həkimlər diabet xəstəsinə zeytun yağını tövsiyə edirlər) – 37 manat. Meyvə: alma – 20 manat, ananas – 6 manat, kivi – 6-7 manat, banan – 3-4 manat. Alçalara “yox” deyək, hərdən çiyələk yeyək – 10 manat. Tərəvəz və sairə – soğan, kartof, göyərti, pamidor, xiyar, kələm... – azı 40 manat. Yumurta. Yalnız toyuq yumurtası və ancaq dükandan, həyət malını bahalı olduğuna görə rədd edək –5 manat. Qoz, fındıq, badam, qoy az miqdarda, amma ilboyu lazımdır – 8 manat. Mürəbbə. Soyuqdəyməyə qarşı zoğal və moruq vacibdir – 10 manat. Nəyi yaddan çıxardımsa – sənin olsun.

Nəqliyyat xərcləri. Gəzməyə yox, dosta, qohuma, xəstəyə baş çəkməkdən ötrü. Ayda 3 dəfə. Əliboş getmək olmaz. Deməli, pay almalısan: şokolad, meyvə, şirə... Cəmi –30 manat.

Gigiyena vasitələri. Şampun – 10 manat. Əl-üz sabunu – 2 manat. Təsərrüfat sabunu – 2 manat. Diş məcunu (gündə 2 dəfə sürtməklə) – 7 manat. Diş fırçası (3 aydan bir təzələmək tövsiyə olunur) – 2 manat. Yuyucu toz, ağardıcı, kolqon, boya qoruyucusu – 40 manat. Kanalizasiya borusunda tıxac açan maye 3 manat (ən ucuzudur). Feyri, süngər və bu kimi ləvazimat – 8 manat.

Kommunal ödənişlər. Mənzil xidmətləri haqqı (adi binada) – 50 manat. Bələdiyyə vergisi (yaşadığın rayondan və mənzil sahəsindən asılı olaraq) – 40 manat. Məişət suyu – 20 manat. İçməli su – 20 manat. Qaz və elektrik enerjisi istehlakı mövsüm üzrə fərqlənir. Aylıq orta hesabla 10 və 20 manat. Kabel televiziyası – 10 manat. İnternet – 21 manat. Mənzilin sığortası – azı 50 manat. Mənzilin ümumi qazanxanadan keyfiyyətsiz qızdırılması ayda 20 manatadır. Təqvim üzrədir. Bir az payızda, istiləndirmə sistemi işə salınmamış, sonra isə yazda, havalar hələ qızmamış, evdə donursan. Əgər bir qədər etibarlı istilətmə istəyirsənsə, gərək kombi alıb qoşasan. Əlavə xərcdir. Ya da yorğana bürün, yerdə sürün. Şəkər xəstəsi iki mütləq həbin aylıq qiymətinin 15 manat olduğunu qabaqcadan bilirsə də, müxtəlif növ əlavə xərclər – köynək söküldü, şalvar cırıldı, ayaqqabı deşildi, mətbəx dəsmalı, yod, tənzif, korvalol qurtardı, saatın və fənərin batareyası yatdı, balış və yorğan üzü, döşək ağı üzüldü, filan iynə, vitamin tələb olundu, 2 gözdə cərrahiyyə əməliyyatı aparılmalıdır, dişlər töküldü və protez lazımdır – bütün bunlar sanki qaranlıq məhəllədə qabağını kəsən quldurlardır: ya pulunu verməli, ya da həyatından keçməlisən.

İndi gəlin heç olmasa yazılan qiymətləri hesablayaq. Məndə 695 manat elədi. Görürəm, ananası, bananı, kivini ixtisara salmaq istəyirsən. Kefin istəyirsə, dostu, qardaşı, xəstəni də sil. Qoğalı da – “yetimə qoğal haramdır” deyirlər. Kefin istəməyəni də poz. Olsun. Onda yazılmayan qiymətləri, məişət texnikasının təmirini, muzeyi, kinonu, teatrı, kəsmik və qatığı, çox-çox başqa şeyləri əlavə et. Əgər qoca insan məhz insan kimi dolğun həyat sürməlidirsə. Qadın üçün minimum kosmetikanı, ətiri unutma. Bu yerdə lirik deyil, sosial haşiyə çıxaq.

Bilirsənmi Azərbaycanda ən böyük pensiya məbləği nə qədərdir? Mən də bilmirəm. Çünki sosial müdafiə nazirliyi bunu yazmır. Amma İlon Maskın, Vahid Ələkbərovun, Bil Geytsin pullarının sayını bilirik. Yaxşı ki, “Forbes” var! Bir neçə il bundan qabaq kim isə televiziyada ağzından qaçırdı: Dövlət neft şirkətinin birinci vitse-prezidenti və baş geoloqu Xoşbəxt Yusifzadənin pensiyası 20 min manata yaxındır. Maaş, müxtəlif mükafatlar və sair gəlirlər istisna olmaqla, təkcə pensiyası. Sıravi azərbaycanlı vətəndaş, pensiyaçı heç təsəvvür etmir ayda bu qədər pul alsaydı, onu nə edərdi. Üstəlik əmək haqqı və sair (!) gəlirlər.

Lenin yox, doğma babam, həyatda müdrik müəllimim deyir:

– Maaş və pensiyalar 3 cürdür: yaşamaq üçün, ölməmək üçün və ölməkdən ötrü.

Kimdən istəyirsənsə soruş, qocalığını beləmi təsəvvür edirdi? Heç kim gözləmirdi ki, qanunvericilər qanunları bu cür sürətlə öz biçimlərinə uyğun dəyişdirəcəklər və dövlət pensiya fonduna 20-24 il maliyyə vəsaiti ödəmiş şəxs ömrünün ən çox ehtiyacı olan vaxtında arxadan zərbəyə məruz qalacaq – ayda cəmi 220 manat alacaq. Əslində, heç pensiya məbləği də babat sağlam həyat üçün kifayət etmir. O, siyahıya baxaraq nəyisə boğazından kəsir, xaricdəki yaşıdı isə turist kimi dünyanı gəzir. Belə xəyanəti yalnız düşmən edə bilərdi. Etdi. Ölmək üçün pul alanlar həyatın magistral yolunundan kənara – qaranlıq meşəyə, susuz səhraya, soyuq mağaraya sürgün olunublar. Amma bu zaman məscidlərə, pirlərə büdcədən qucaq-qucaq maliyyə vəsaiti verilir. Halbuki konstitusiyaya görə din dövlətdən ayrıdır. Əsas qanunda deyilmir vətəndaş dövlətdən... Elə bir vaxt gəlib ki, qocalarla yanaşı öz dərdimizi də çəkirik: 20-30 ildən sonra bizə, indiki cavanlara və orta yaşlılara pensiya verəcəklərmi?

Unutmamışam, rus məsəli yadımdadır. Deyirəm, hər orta yaşlı vətəndaşa dövlət 3 övlad hədiyyə edəydi. Biz qocalanda cinsindən, işindən asılı olmayaraq heç olmasa birisi oğul, kişi, qeyrətli çıxardı. Daha nazirliyə ümid bəsləməzdik. Demensiya isə bol olsun ki, qocalar bir vaxt vətənə, xalqa can-başla qulluq etdiklərini unutsunlar, salındıqları vəziyyətə görə mənəvi əzab çəkməsinlər.

A.ƏZİZ