“Xarici ölkələrdəki seçkiləri şərh etməyin” - ABŞ Dövlət Departamentindən göstəriş
ABŞ Dövlət Departamenti öz diplomatlarına xarici ölkələrdəki seçkilərlə bağlı şərh etməmək göstərişini verib.
SAVASHMEDİA.az bu barədə “Reuters” agentliyinə istinadən xəbər verir.
Agentliyin tanış olduğu daxili yazışmaya görə, ABŞ dövlət katibi Marko Rubio bütün dünya üzrə Amerika diplomatlarına başqa ölkələrdə keçirilən seçkilərin ədalətli və ya dürüstlüyünü şərh etməməyi tapşırıb.
“Reuters” vurğulayır ki, bu, Vaşinqtonun xaricdə azad və ədalətli seçkilərin təşviqinə ənənəvi yanaşmasından əhəmiyyətli dərəcədə geri şəkilməkdir.
Sənəddə deyilir ki, Dövlət Departamenti bundan sonra “aydın və məcburedici” xarici siyasət maraqları istisna olmaqla, seçkilərlə bağlı bəyanatları və ya postları sosial media şəbəkələrində dərc etməyəcək.
“Başqa ölkələrdəki seçkiləri şərh etmək məqsədəuyğun olduqda, mesajımız qısa olmalı, əsas diqqət qalib namizədi təbrik etməyə və lazım gəldikdə ümumi xarici siyasət maraqlarını qeyd etməyə cəmlənməlidir. İsmarıclarda seçki prosesinin ədalətli və ya dürüstlüyü, onun legitimliyi və ya sözügedən ölkənin demokratik dəyərləri barədə fikir bildirməkdən çəkinmək lazımdır”, - qeyddə deyilir.
Xatirə SADİQ