Yaponiya müdafiə sahəsində Aİ ilə tərəfdaş oldu
Yaponiya və Avropa İttifaqı (Aİ) cümə günü yeni genişmiqyaslı təhlükəsizlik və müdafiə tərəfdaşlığını elan edib.
SAVASHMEDİA.az xəbər verir ki, bu barədə “Amerikanın səsi” məlumat yayıb.
Aİ-nin xarici siyasət məsələləri üzrə komissarı Cozep Borrell və Yaponiyanın xarici işlər naziri Takeşi İvaya qarşıdan gələn birgə hərbi təlimlər, müdafiə sənayesinin inkişafı ilə bağlı məlumat mübadiləsi və kosmosda təhlükəsizliyin təmin edilməsi tədbirləri haqqında sazişin imzalandığını elan ediblər.
Sazişi tarixi və son dərəcə vaxtında atılan addım adlandıran Borrell vurğulayıb ki, bu, Avropa İttifaqı ilə Asiya-Sakit okean regionunda yerləşən ölkə arasında ilk belə sazişdir.
“Biz çox təhlükəli bir dünyada yaşayırıq. Hər iki regionumuzdakı vəziyyəti nəzərə alaraq, bu siyasi çərçivə yaranan təhlükələrlə birgə mübarizə aparmaq qabiliyyətimizi dərinləşdirir”, - Borrell jurnalistlərə deyib.
Tokiodakı danışıqlardan sonra o, Şimali Koreyanın hərbi fəaliyyəti ilə bağlı problemləri müzakirə etmək üçün Cənubi Koreyaya yollanıb.
Aİ və Yaponiya arasında bağlanmış sazişin mətnində xüsusilə qeyd olunur ki, tərəflər ikitərəfli dəniz əməkdaşlığının inkişafına kömək edəcəklər. Brüssel və Tokionun birgə aksiyalarında üçüncü ölkələrin iştirakının mümkünlüyü vurğulanıb.
Xatırladaq ki, Yaponiya 2027-ci ilə qədər müdafiə xərclərini NATO səviyyəsinə (ÜDM-in iki faizi) çatdırmaq niyyətindədir. Bu, Pekinin Tayvana hərbi təzyiqi artırması fonunda baş verir.
Ötən həftə keçirilən seçkilərdən sonra Yaponiyanın baş naziri Şiqeru İşiba deyib ki, “bugünkü Ukrayna sabahın Şərqi Asiyası ola bilər”.
İşiba bunun bir gecədə baş verməyəcəyini etiraf etsə də, kollektiv təhlükəsizlik prinsipi ilə NATO tipli regional ittifaq yaratmağa çağırıb.
Xatirə SADİQ