Yaqub Məmmədovun oğluna vəzifə verildi
Tanınmış alim, iqtisad elmləri doktoru, professor Elşad Məmmədov yeni vəzifəyə təyin olunub.
E.Məmmədov Odlar Yurdu Universitetində Beynəlxalq əlaqələr və strateji inkişaf üzrə prorektor vəzifəsinə təyinat alıb.
Qeyd edək ki, Elşad Məmmədov 1992-ci ildə Bakı şəhərindəki 42 saylı məktəbi qızıl medalla bitirib.
Bir sıra monoqrafiya və dərslik müəllifi olan E.Məmmədov eyni zamanda yerli və xarici KİV-lərdə iqtisadi təhlilçisi və icmalçı kimi çıxış edir. Ailəlidir, iki övladı var.
Professor Elşad Məmmədov Azərbaycanda kifayət qədər tanınmış şəxsin – Azərbaycan Respublikası Ali Sovetinin sabiq sədri Yaqub Məmmədovun oğludur.
Yaqub Məmmədov tibb elmləri doktoru, professor, Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvü, Əməkdar həkim, Əməkdar elm xadimi kimi titullara sahibdir. O, 1983-1992-ci illərdə Azərbaycan Tibb Universitetinin rektoru olub.
Yaqub Məmmədov 5 mart 1992 - 18 may 1992-ci il tarixləri arasında Ali Sovetin sədri vəzifəsində işləyib. 6 mart 1992 – 14 may 1992-ci illərdə həm də Azərbaycan Respublikası Prezidentinin səlahiyyətlərini icra edib.
Professor Yaqub Məmmədov 2001-ci ildən Azərbaycan Tibb Universiteti Patoloji fiziologiya kafedrasının müdiri vəzifəsində işləyir.