“YouTube” və MƏN
Əvvəllər notbukda, sonradan smartfonda abunə olduğum müddət ərzində siyasi kanallara marağım tamamilə yoxa çıxıb – onlarda obyektivlik yoxdur.
İnformasiya almaqdan ötrü “Forbes”i və “BBC”ni (bi-bi-si) (rusca) saxlamışam, onların da hərəsindən verilişləri seçmələyirəm. Başlıca “YouTube” dostlarım musiqi, yumor, səyahət, təbiət kanallarıdır. İtlər haqqında bir neçə kanalı ayrıca deyə bilərəm.
Özüm də anlayıram ki, abunə olduğum kanalların ümumi sayı çoxdur. Bunu, eşidən də deyir. Hər hansı rolik maraqlandıranda, müəllifin profilini açıb baxıram. Bir neçə “Short” və bir anda məlum olur ki, hansı yuvanın quşudur. Nəsə xoşuma gəlməsə – bağlayıb unuduram. Bəyəndikdə – abunə oluram ki, itirməyim.
Abunəçisi olduğum kanaldan video gələndə, açan kimi “layk” qoyuram ki, sonra yaddan çıxmasın. Çünki abunəyəmsə, demək müəllifin kateqoriyası gözümdə yüksəkdir. Bilirəm, əgər bütövlükdə baxdıqdan sonra ciddi səbəbdən narazı qalsam, “layk”ı, hətta abunəni ləğv etmək asandır. Bu, ara-sıra baş verir. Yeni abunəlik də mütəmadidir.
Bir müddət bundan əvvəl “TRT на русском” kanalına abunə oldum. İstədim qardaş ölkənin yeniliklərini, həyatını izləyim. Lakin kanalda başlıca, bəzən yeganə mövzu Fələstin hadisələri idi. Sanki “Əl-Ərəbiya” reallığına düşmüşdüm. Şərhdə bunu yazdım. Cəmiyyət bazar həyasızlarından betər qiyyə qaldırdı, məni təklədi.
Qonşunun pişiyini qucağıma götürdüm ki, özümü tənha hiss etməyim. İsrailin dinc əhalisinə 7 oktyabr 2023-cü ildəki xaincəsinə hücum, qırğın haqqında nəsə yazanda, camaat hiddətlənirdi. Özü də, aralarında birlik əlaməti mövcud idi: bir-birinin yazısını kütləvi surətdə “layk”layırdılar. Əlbəttə, Türkiyədə bu qədər rusdilli ola bilməzdi.
Fələstinlilərin arasında Rusiyada təhsil almışlar var, amma onların dağıntılar altında komment yazmağa halı da yoxdur, vaxtı da. Qaldı Rusiya, Ermənistan, Gürcüstan, Qazaxıstandakı və Mərkəzi Asiyadakı botlar, ermənilər və radikal kürdlər... Bir sözlə, müstəqil və güclü Türkiyə dövlətinin düşmənləri. Bununla yanaşı, Türkiyəyə və Azərbaycana, iki prezidentə qarşı təhqiramiz, böhtan xarakterli şərhlər yazırdılar. “TRT” kanalının admininə bildirdim. Və onlar tədbir gördülər: adım (nikim) alqoritm sisteminə daxil edildi və göndərən kimi şərhlərim dərhal qutuya atıldı. Məğlubiyyətimi etiraf edib, sakitcə kənara çəkildim. İndi söz türklərindir. Söz “на русском”...
Qazaxıstanlı cavan müğənni Dimaş (Dinmuxammed) Kudaybergenovun səsi, ifası bir vaxt çox xoşuma gəlirdi. Lakin İrəvanda konsert ərəfəsində verdiyi müsahibədə bu çöp tarı, sazı, qanunu (kanon) və tütəyi erməni milli musiqi alətləri adlandırdı. Kəskin cavab yazdım. Haqqım idi. Dünyaya səpələnmiş qazaxlar, müxtəlif ölkələrdə yaranmış fanklublar üstümə hücum çəkdilər. Acı, amansız, tərbiyəsiz hücum. Məzəlisi bu idi ki, iddia edirdilər mən bunu (?) paxıllıqca yazıram: “Oxu görək sən Dimaşdan yaxşısan?”. Mən heç təmiz hamamda çimərkən oxumuram, Dimaşdan isə Azərbaycandan aparılmış erməni unitazının iyi gəlir. Azərbaycanın ağlı varsa, Dimaşın ayağı burada heç bir səhnəyə dəyməməlidir!
Bütövlükdə götürəndə, “YouTube”dan razıyam. Onun təqdim etdiklərindən maksimum dərəcədə istifadə etməyə çalışıram. Bununla yanaşı, abunəçisi olduğum hər kanala, baxdığım və layk qoyduğum hər rolikə görə kiməsə sanki mərhəmət göstərib pul qazandırıram. Bu imkandan istifadə edərək bəzi azərbaycanlı musiqiçilərə də abunə olmuşam. Amma onlar çox passiv işləyir, aylarla video yerləşdirmirlər. Belə olduqda, qəzəblənib kanalı tərk edirəm: məndən pul gözləməsinlər. Nə olsun ki, pul “YouTube”undur... (Yarızarafat)
“YouTube” bir xəzinədir. O, “Tik-Tok”dan, “İnstagram”dan qat-qat üstündür. Kanal açıb video yerləşdirmək ali məqsəd olmamalıdır. İndi başa düşmüşəm ki, baxdığımı şərh etmək də vacib deyil. Başqasının şərhinə cavab yazmaq isə ən axmaq işdir. Dəfələrlə olub, hansısa rolikin altında yazmışam ki, maraqsızdır, “yoldan keçən” kim isə mənə cavab verib: “Maraqsızdırsa niyə baxırsan?”. Ay məndeyən, baxmasaydım necə bilərdim ki, maraqsızdır! Yaxşı məlumdur ki, internet belələrinin məkanıdır... Amma şərhləri bəzən oxuyuram. Onlardan kontent barədə hərdən maraqlı məlumat almaq olur. Bəzi dəyərli məqalələrdən olduğu kimi...
A.ƏZİZ