Zelenski Kremli tamaşa qurmaqda günahlandırdı
Ukrayna prezidenti Volodimir Zelenski Rusiya tərəfini İstanbuldakı danışıqlar prosesini tamaşaya çevirməyə cəhddə ittiham edib.
SAVASHMEDİA.az Ukrayna prezidentinin ofisinin yaydığı məlumata istinadən xəbər verir ki, Zelenski bunu Albaniyada keçirilən Avropa Siyasi Birliyinin sammitində çıxışı zamanı deyib.
O, bildirib ki, Putinlə mayın 15-də həm Ankarada, həm də İstanbulda görüşməyə hazır olub, amma Kreml lideri bununla razılaşmayıb.
“Əgər Putin Türkiyəyə gəlməkdən qorxmasaydı, bu həftə bizim bu müharibəni bitirmək naminə mühüm addımlar atmaq üçün real şansımız vardı”, - deyə Zelenski vurğulayıb.
Ukrayna prezidenti Rusiyanın İstanbuldakı danışıqlara qərar qəbul etmək iqtidarında olmayan çox aşağı səviyyəli bir komanda göndərdiyinə də diqqət çəkib.
“Əgər Rusiya nümayəndə heyətinin, sadəcə, tamaşa olduğu ortaya çıxarsa, o zaman dünya reaksiya verməlidir. Güclü reaksiya olmalıdır. O cümlədən Rusiyanın enerji sektoruna və banklarına qarşı sanksiyalar. Əsl irəliləyiş əldə olunana qədər təzyiq artmağa davam etməlidir”, - deyə Zelenski əlavə edib.
Xatirə SADIQ