Zelenskinin amerikalı həmkarı ilə telefon danışığı hazırlanır - “Politiko”  

Vaşinqton və Kiyev ABŞ və Ukrayna prezidentləri Donald Tramp ilə Volodimir Zelenski arasında telefon danışığı təşkil etmək üzərində işləyirlər.

Jul 3, 2025 - 14:16
Zelenskinin amerikalı həmkarı ilə telefon danışığı hazırlanır - “Politiko”  

SAVASHMEDİA.az xəbər verir ki, bu barədə “Politico” planlarla tanış olan iki mənbəyə istinadən məlumat yayıb. 

Nəşr qeyd edir ki, telefon danışığı ideyası iyulun 1-də ABŞ-nin Ukraynaya bəzi silahların tədarükünü dayandırdığı barədə xəbərlər gəlməyə başlayanda irəli sürülüb.

“ABŞ bu gün Kiyevdə Ukraynanı (qərar barədə) məlumatlandırır və yaxın gələcəkdə Trampla Zelenski arasında telefon danışığı təşkil olunacaq. ABŞ deyir ki, bu, fasilə və ya dayandırma deyil. ABŞ hələ də Ukraynanın müdafiəsini dəstəkləməyin ən yaxşı üsulunu müəyyənləşdirmək üçün fəal şəkildə işləyir. Bu, prioritet olaraq qalır”, - deyə avropalı diplomat bildirib.

ABŞ Dövlət Departamentinin sözçüsü Temmi Brüs isə brifinqdə ölkəsinin Ukraynaya bütün silah tədarükünü dayandırmadığını bəyan edib. O, bir gün əvvəl Pentaqonda qəbul edilən qərarı “bir vəziyyətdə bir hadisə” adlandırıb. 

Sözçü əlavə edib ki, prezident Donald Tramp da “Patriot” raketlərinə dəyişməz sadiqliyini bir daha təsdiqləyib. 

“Bir daha vurğulamaq istəyirəm ki, bu, bizim Ukraynaya yardımımıza və ya silah tədarükümüzə son qoymaq demək deyil. Bu, bir vəziyyətdə bir hadisədir və bundan sonra nə baş verəcəyini müzakirə edəcəyik. Amma çox geniş nəticələr çıxarmaq lazım deyil”, - deyə Brüs söyləyib.

O, diqqətə çatdırıb ki, Müdafiə Nazirliyinin bəyanatında “onların etibarlı variantları olduğu” dəqiq göstərilib.

“Biz Ukraynaya göstərilə biləcək yardımın və onun malik ola biləcəyi variantların üzərində işləməyə davam edirik. Bu, Müdafiə Nazirliyinin məlumatıdır. Və mən buna şübhə etmirəm. Ona görə də, fikrimcə, biz Ukrayna ilə bağlı davamlı sadiqliyimizi nəzərə alaraq baş verənlərin xarakterini qiymətləndirməkdə ehtiyatlı olmalıyıq”, - deyə Dövlət Departamentinin nümayəndəsi yekunlaşdırıb.

Xatirə SADİQ