“Zelenskinin danışıqlar aparmaq hüququ yoxdur” – Peskov

“Rusiya-Ukrayna münaqişəsinin həlli üçün sülh danışıqları iştirakçılarının kombinasiyaları hələ müzakirə edilməyib”.

Feb 3, 2025 - 09:59
“Zelenskinin danışıqlar aparmaq hüququ yoxdur” – Peskov

SAVASHMEDİA.az Rusiya KİV-nə istinadən xəbər verir ki, bunu Kremlin sözçüsü Dmitri Peskov jurnalistlərə bildirib.

“Ukrayna prezidentinin danışıqlar aparmaq hüququnun olmadığından çıxış edirik. Nə qədər ki, bu fərman qüvvədə qalır, iştirakçıların tərkibini müzakirə etmək tələsməkdir”, - deyə Peskov Ukrayna prezidenti Volodimir Zelenskinin bəyanatını şərh edib. 

Zelenski bildirib ki, Ukrayna tərəfi əvvəlcə ABŞ prezidenti Donald Trampla dialoq aparacağını və yalnız bundan sonra genişləndirilmiş sülh danışıqlarının aparılacağını gözləyir.

Kreml Trampın Ukrayna üzrə xüsusi nümayəndəsi Keyt Kelloqun Kiyevin 2025-ci ilin sonuna qədər seçki keçirmək istəyini ifadə edən sözlərini razılıqla qarşılayıb.

Peskov hesab edir ki, Ukrayna prezidenti kimi Zelenskinin legitimliyini itirdiyini iddia edən Rusiyanın mövqeyi mübahisə edilə bilməyən açıq-aşkar hüquqi reallıqdır.

“Ona görə də Ukraynada rəhbərliyin legitimləşdirilməsi baxımından seçkilərin keçirilməsi ideyası – və bu, hər hansı razılaşmaların qeydə alınması nöqteyi-nəzərindən zəruridir – əlbəttə ki, çox vacibdir və aydındır ki, bu, Kiyev rejiminin rəhbərliyinin ürəyindən deyil”, - deyə Peskov əlavə edib.

Xatirə SADİQ