1 paytaxt şəhərində. MİNSK (2)

*ABŞ İsrailə simpatiyasını açıqca nümayiş etdirəni, Türkiyə telekanallarının ritorikası dəyişib. Sayın Trampı cinləndirmək olmaz. Niyə? Özün düşün, mən isə yenə Minskdəyəm... *

Jun 20, 2025 - 13:41
1 paytaxt şəhərində. MİNSK (2)

Belarus paytaxtında yaşadığım qısa müddət ərzində hər səhər həyətdəki skamyada əyləşib ətrafdakı binalara, eyvanlara, gəlib-gedənə tamaşa edirdim. Bu zaman qulaqlıqlarla musiqi dinləyirdim.

Minskin havası təmiz, deyərdim ki, hətta safdır. Vaxtımı beləcə 1-2 saat keçirib, öz işimə yollanırdım.

Səhərlər bir qocanın harasa tələsdiyini görürdüm. Kişi mənə artist Mixail Ulyanovu xatırladırdı. “Voroşilov atıcısı” filmindəki baba rolunda. Bu qoca da başında papaq, sinəsində yubiley medalı, əlində əsa axsaq yerişi ilə gedirdi. Bir qədərdən sonra gördüm ki, oturduğum skamyanın yaxınlığından keçərkən addımını ləngidir, məni diqqətlə süzür, sonra yenidən yoluna davam edir. Nəhayət, marağına güc gələ bilməyib, mənə yaxınlaşdı. Belaruslara xas olan utancaqlıqla xəbər aldı:

– Üzr istəyirəm, siz hər səhər nəyə qulaq asırsınız?

– Opera musiqisinə.

Qoca çox təəccübləndi. Cavabım ona elə qəribə göründü ki, inanmadı. Başını əyib işarə ilə dinləmək istədiyini bildirdi. Qulaqlığın birini çıxarıb, ona tərəf uzatdım. Müslüm Maqomayev operadan arıya ifa edirdi. Qocanın sifəti qəribə ifadə aldı. Dediyi söz də qəribə səsləndi:

– Siz çox təhlükəli adamsınız.

– Niyə?

– Müharibə vaxtı kənddəki evimizdə alman zabiti yaşayırdı. O da həmişə opera dinləyirdi.

– İcazə verin deyim sonra nə oldu: partizanlar gəlib zabiti güllələdilər.

– Elədir. Bunu haradan bilirsiniz?

– Vacib deyil. İndi söyləyin – klassik musiqini dinləyən təhlükəli adamdır, yoxsa onu öldürən partizanlar?

Kişi tamam karıxmışdı. Yoluna davam etdi, amma arada üzünü çevirib arxaya baxdı. Hələ də məndə böyük təhlükə görürdü. Axı cavan, qafqazlı, bazarda yox – həyətdə oturan və başlıcası, opera musiqisinə qulaq asan adamdan necə də şübhələnməyəsən, beləsindən nə yaxşı şey gözləyəsən...

 * Əsas məsələ! Əgər Tramp desə ki, İranın nüvə silahı hazırlaması məqbuldur, təki uranı Amerikadan alsın, təəccüblənmə. Trampdır axı! Onun üçün müharibə də biznesdir. Ukraynanı xatırla...*

A.ƏZİZ