1600 əfqanın ABŞ-yə reysi ləğv edildi – Trampın əmri

ABŞ hökuməti tərəfindən ölkədə məskunlaşmaq üçün icazə verilən təxminən 1660 əfqanın, o cümlədən amerikalı hərbi qulluqçularının ailə üzvlərinin uçuş reysləri ləğv edilib. 

Jan 21, 2025 - 08:32
Jan 21, 2025 - 08:33
1600 əfqanın ABŞ-yə reysi ləğv edildi – Trampın əmri

SAVASHMEDİA.az bu barədə “The Guardian” və “Reuters”ə istinadən xəbər verir. 

KİV-lərin yazdığına görə, bu, ABŞ prezidenti Donald Trampın ölkəsinin qaçqın proqramlarını dayandırmaq əmrindən sonra baş verib.

ABŞ veteranları və müdafiə qruplarının “#AfghanEvac” koalisiyasının rəhbəri Şon Van Dayverin və adının açıqlanmasını istəməyən amerikalı məmurun sözlərinə görə, bu qrupa ABŞ-də ailələri ilə birləşməyi gözləyən müşayiətsiz yeniyetmələr, eləcə də Vaşinqtonun dəstəklədiyi keçmiş əfqan hökumətinin tərəfində vuruşduqları üçün  Talibanın qisasına məruz qala biləcək əfqanlar daxildir.

İndi ABŞ-də qaçqın statusu almış əfqanların adları indidən aprel ayına qədər Kabildən onları daşıayacaq uçuş reyslərinin siyahısından çıxarılır. 

Vaşinqtonun qərarı ABŞ-də qaçqın kimi məskunlaşmaq üçün icazə almış, lakin hələ Əfqanıstandan və ya qonşu Pakistandan xaricə uçuşlar təyin olunmamış minlərlə digər əfqanı da qeyri-müəyyən vəziyyətdə qoyur. 

“Əfqanlar və onların müdafiəçiləri çaxnaşma içindədirlər. Artıq bu gün çoxlu insan zəng etdiyi üçün telefonu dörd dəfə doldurmalı oldum. Biz onlara (Trampın keçid komandası – red.) bunun baş verə biləcəyi barədə xəbərdarlıq etmişdik. Amma onlar onsuz da bunu etdilər. Ümid edirik ki, fikirlərini dəyişəcəklər”, - deyə Şon Van Dayver vurğulayıb. 

Qeyd edək ki, Şon Van Dayverin təşkilatı son ABŞ qoşunları 2021-ci ilin avqustunda Əfqanıstanı tərk etdikdən və “Taliban” Kabili ələ keçirdikdən sonra əfqanların təxliyəsi və yerləşdirilməsi üçün ABŞ hökuməti ilə işləyən əsas koalisiyadır.

Amerika qoşunlarının Kabildən xaotik şəkildə çıxarılmasından sonra keçmiş prezident Co Bayden administrasiyası tərəfindən 200 minə yaxın əfqan ABŞ-yə gətirilib.

Trampın imzalayacağı onlarla icra sərəncamından biri ABŞ-nin qaçqınlara yardım proqramlarını, ən azı, dörd ay müddətinə dayandırır. Ağ Evin saytında deyilir ki, Tramp “icmalar böyük və həyat qabiliyyəti olmayan miqrant qruplarını qəbul etməyə məcbur edildikdən sonra icmaların təhlükəsizliyini və resurslarını sarsıdan qaçqınların köçürülməsini dayandırır”.

Nümayəndələr Palatasının Xarici Əlaqələr Komitəsindəki demokratik azlıq bu addımı “X”də belə tənqid edib: “İmtina məhz belə görünür. Etibarlı əfqan müttəfiqlərini taliblərin insafına buraxmaq biabırçılıqdır”.

Xatirə SADİQ