“2014-cü ildə rüsvay oldular...” - Bayden Krımın işğalına görə Obamanı tənqid edib
ABŞ prezidenti Co Bayden keçmiş prezident Barak Obamanın Rusiyanın 2014-cü ildə Ukraynaya müdaxiləsinə reaksiyasını qeyri-kafi hesab edir.
SAVASHMEDİA.az xəbər verir ki, bu barədə “Washington Post”un jurnalisti Bob Vudvordun “Müharibə” kitabında nəql olunub. “CNN” kitabdan fraqmentləri oktyabrın 8-də dərc edib.
Məlum olub ki, Bayden bu barədə şəxsi söhbətlərində danışıb. Vudvordun sözlərinə görə, 2022-ci ildə Rusiyanın Ukraynaya qarşı genişmiqyaslı müharibəyə başlamasından əvvəl Bayden Obamanı təcavüzün başlanğıcında Vladimir Putini dayandırmaq üçün kifayət qədər iş görməməkdə ittiham edib.
Bayden həmsöhbətinə “2014-cü ildə rüsvay oldular” deyib: “Biz buna görə buradayıq. Biz rüsvay olmuşuq. Barak heç vaxt Putini ciddi qəbul etmirdi”.
Söhbət zamanı Bayden ABŞ-nin heç nə etmədiyinə və bununla da Putinə təcavüzü davam etdirmək üçün “lisenziya verdiyinə” qəzəblənibmiş. Jurnalist yazır ki, o, hətta əsəbiləşərək “onun lənətə gəlmiş lisenziyasını ləğv etdiyini” deyib.
Kitabda həmçinin ABŞ-nin 2021-ci ilin oktyabrında Putinin 175 min qoşunla Ukraynaya soxulmaq planlarını göstərən kəşfiyyat məlumatı aldığı epizod təsvir edilir. Bayden və müşavirləri hesab ediblər ki, kəşfiyyatın əldə etdiyi məlumat “tamamilə ciddi”dir, lakin Putinin plnlarına inanmaqda çətinlik çəkiblər.
Mərkəzi Kəşiyyat İdarəsinin direktoru Bill Berns o zaman guya deyib ki, “Putin məhz bunu etməyi planlaşdırır”.
Vudvordun sözlərinə görə, Bayden ona cavab verib ki, bu, dəlilik olardı. “İlahi, mənə doğrudanmı Rusiyanın Ukraynanı udması ilə məşğul olmaq lazım gələcək”, - deyə Bayden bildirib.
Vudvord kitabında yazıb ki, 2021-ci ilin dekabrında Bayden iki dəfə Putinə ABŞ-da olan kəşfiyyat məlumatlarını təqdim edib. Danışıqların birində Putin nüvə müharibəsi riski barədə “təhdidedici” dildə danışıb və ABŞ prezidenti bu təhdidə belə müharibədə qalib gəlməyin qeyri-mümkün olduğunu xatırlatmaqla cavab verib.
Xatirə SADİQ