Moldovalı oliqarx Yunanıstanda yaxalandı

Qaçaq moldovalı oliqarx, Moldova Demokratik Partiyasının keçmiş sədri Vladimir Plaxotnyuk Yunanıstanda saxlanılıb.

Jul 22, 2025 - 14:16
Moldovalı oliqarx Yunanıstanda yaxalandı

SAVASHMEDİA.az xəbər verir ki, bu barədə Moldova polisinin telegram kanalında məlumat yayılıb.

Plaxotnyuk mütəşəkkil cinayətkar qrup yaratmaqda, çirkli pulların yuyulmasında və dələduzluqda ittiham olunur. Onun adı digər məsələlərlə yanaşı, 2012–2014-cü illərdə Moldovanın ən böyük banklarının hesablarından 1 milyard dollardan çox vəsaitin yoxa çıxmasında hallandırılır.

O, Moldova parlamentinin iki çağırış deputatı və parlamentin birinci vitse-spikeri olub. Ölkənin ən varlı adamı, eyni zamanda 2010-cu illərin ən nüfuzlu adamı adlandırılır. Plaxotnyukun siyasi karyerası 2019-cu ilin iyununda Pavel Filip hökumətinin siyasi böhran nəticəsində istefa verməsi ilə başa çatıb.

NewsMaker qeyd edir ki, Moldovada onun adına üç cinayət işi üzrə həbs qərarı verilib. İnterpol 2025-ci ilin fevralında Plaxotnyuku beynəlxalq axtarışa verib.

Xəbərdə daha bir Moldova vətəndaşının saxlanmasından da bəhs edilir, lakin onun adı göstərilmir. NewsMaker nəşri mənbəyə istinadən iddia edir ki, söhbət Moldova parlamentinin keçmiş deputatı, Plaxotnyukun yaxın adamlarından biri Konstantin Tsutsudur. Moldovada onu qanunsuz varlanmada və gəlir bəyannaməsində yalan məlumat verməkdə ittiham edirlər.

Xatirə SADİQ