Minimum maaşla bağlı BU YENİLİKLƏR OLACAQ – RƏSMİ

Azərbaycanda bəzi sahələrdə saatlıq əməkhaqqı sistemi tətbiq ediləcək.

Nov 11, 2026 - 11:44
Minimum maaşla bağlı BU YENİLİKLƏR OLACAQ – RƏSMİ

SAVASHMEDİA.az xəbər verir ki, Azərbaycanda minimum əməkhaqqının hesablanması mexanizminin dəyişdirilməsi və müəyyən fəaliyyət sahələrində saatlıq əməkhaqqı sisteminin tətbiqi təklif olunur.

Bu barədə əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Zaur Əliyev Milli Məclisin Əmək və sosial siyasət komitəsinin iclasında Əmək Məcəlləsinə təklif edilən dəyişikliklərin müzakirəsi zamanı danışıb.

Nazir müavini bildirib ki, əmək bazarında qısamüddətli müqavilələrin, natamam iş vaxtının və çevik məşğulluq formalarının geniş yayılması minimum əməkhaqqının müəyyənləşdirilməsinə yeni yanaşmanı zəruri edir.

Təklif olunan layihəyə əsasən, bir aydan az müddətə bağlanan əmək müqavilələri, eləcə də həftəlik iş saatı 20 saatı keçməyən işlər üzrə saatlıq əməkhaqqı sisteminin tətbiqi nəzərdə tutulur. Eyni zamanda, minimum saatlıq əməkhaqqının mövcud minimum aylıq əməkhaqqı əsasında hesablanan saatlıq tarifdən daha yüksək müəyyənləşdirilməsi təklif edilir.

Zaur Əliyevin sözlərinə görə, yeni sistemin tətbiq ediləcəyi fəaliyyət sahələrinin siyahısı Nazirlər Kabineti tərəfindən təsdiqlənəcək. İlk mərhələdə kənd təsərrüfatı məhsullarının istehsalı və ictimai iaşə sektorunun bu mexanizmə daxil edilməsi planlaşdırılır.

Nazir müavini qeyd edib ki, dəyişiklik minimum əməkhaqqı mexanizminin daha çevik tətbiqinə, əməkhaqqı hesablamalarında şəffaflığın yüksəldilməsinə və beynəlxalq təcrübədə istifadə olunan modellərin Azərbaycanda tətbiqinə şərait yaradacaq.

Banu