ABŞ bu məlumat üçün 5 milyon dollarlıq mükafat elan etdi
ABŞ hökuməti Şimali Koreya İT mütəxəssisləri şəbəkəsi haqqında məlumat üçün 5 milyon dollara qədər mükafat elan edib.
SAVASHMEDİA.az xəbər verir ki, bu barədə “Amerikanın səsi” məlumat yayıb.
Bu şəbəkənin Pxenyana gəlir əldə etmək, çirkli pulların yuyulması və kütləvi qırğın silahlarının yayılması proqramlarını dəstəklədiyi güman edilir.
Döpvlət Departamentinin “Ədalətə yardım üçün Mükafat” (Reward for Justice) proqramı müvafiq olaraq Çin və Rusiyada yerləşən Şimali Koreyanın iki saxta şirkəti – “Yanbian Silverstar” və “Volasys Silver Star” ilə əlaqəli şəxslər haqqında məlumat axtarır. Proqram xüsusilə hər iki şirkətin icraçı direktoru Çon Son Hva, “Yanbian Silverstar”ın direktoru Kim Ryu Son və “Volasys Silver Star”ın direktoru Li Kyo, eləcə də iki şirkətin digər 11 meneceri və mütəxəssisi haqqında məlumatlarla maraqlanır. Bu adamlar şirkətlər daxilində “İT döyüşçüləri” adlandırılan 130-dan çox şimali koreyalı İT işçilərindən ibarət şəbəkəyə rəhbərlik edirdilər.
Bu ayın əvvəlində Missuri ştatının federal məhkəməsində Şimali Koreyanın 14 vətəndaşı şəxsi məlumatların oğurluğu, əlaqə vasitələrinin istifadəsi ilə fırıldaqçılıq və digər cinayətlərdə ittiham olunub. İttihama görə, müttəhimlər Amerika şirkətlərində uzaqdan iş tapmaq üçün şəxsi məlumatlardan istifadə ediblər və bu, Şimali Koreya rejiminə on milyonlarla dollar qazandırıb.
Bu vəsaitlərin beynəlxalq maliyyə sistemləri vasitəsilə “yuyulduğu” və BMT-nin sanksiyalarını pozaraq Şimali Koreyanın nüvə və ballistik raket proqramlarında iştirak edən qurumlara ötürüldüyü iddia edilir.
Xatirə SADİQ