Litva məktəblilərinə dronları idarə etmək öyrədilir
Litvanın Müdafiə Nazirliyi ölkə boyu 10 yaşından başlayaraq uşaqlara, eləcə də böyüklərə dronların idarə edilməsi, yığılması və proqramlaşdırılmasının öyrədiləcəyi doqquz məktəbdən birincisini Rusiya ilə sərhəddə açıb.
SAVASHMEDİA.az bu barədə “Reuters” agentliyinə istinadən xəbər verir.
Litvanın müdafiə nazirinin müavini Tomas Qodlyauskas belə məktəblərin açılmasının məqsədindən danışıb.
“Söhbət hərbi müdafiə imkanlarının yaradılmasından gedir. Litva buna çox ciddi yanaşır. Çünki Rusiya və Belarusla həmsərhəddir”, - deyə nazir vurğulayıb.
Məktəbin müəllimi Mindauqas Tamosaytisin sözlərinə görə, uşaqlara və digər şagirdlərə FPV-dronlarını, kvadrokopterləri və təkqanadlı dronları idarə etmək öyrədiləcək.
Kalininqraddan 20 km aralıda yerləşən Tauraqe şəhərindəki məktəbdə uşaqlar kompüterdə virtual uçuşlar həyata keçiriblər.
“Uşaqlar çox maraqlanırlar”, - deyə onların müəllimi bildirib.
Xatirə SADİQ