ABŞ ordusunun büdcəsi 1 trilyon dollar olacaq - Tramp
“ABŞ tarixində ilk dəfə ölkənin növbəti müdafiə büdcəsi Amerika üçün rekord həddə – təxminən 1 trilyon dollara çata bilər”.
SAVASHMEDİA.az “Bloomberg”ə istinadən xəbər verir ki, bunu ABŞ prezidenti Donald Tramp İsrailin baş naziri Benyamin Netanyahu ilə görüş zamanı bildirib.
"Biz xərclərə çox diqqətli yanaşırıq. Lakin silahlı qüvvələr bizim qurmalı olduğumuz bir şeydir və biz güclü olmalıyıq. Çünki sizdə hazırda çoxlu pis qüvvələr var”, - deyə Tramp əlavə edib.
“X” sosial şəbəkəsində bu açıqlamanı şərh edən müdafiə naziri Pit Heqset qeyd edib ki, Tramp silahlı qüvvələri sürətlə yenidən qurur.
“Pentaqon tezliklə ilk trilyon dollarlıq büdcəsini alacaq”, - deyə nazir vurğulayıb.
Maraqlıdır ki, buna qədər Heqset özü İlon Maskın rəhbərlik etdiyi Hökumətin Səmərəliliyi Departamenti tərəfindən həyata keçirilən hökumət xərclərinin azaldılması təşəbbüslərinin fəal tərəfdarı kimi çıxış edirdi. Buna baxmayaraq, Pentaqon illik 850 milyard dollar büdcəsi və təxminən 2 milyon işçisi ilə ABŞ-nin ən iri dövlət qurumu olaraq qalır.
Qeyd edək ki, Co Bayden administrasiyası dövründə Pentaqonun keçmiş rəhbəri Lloyd Ostin artan qlobal çağırışlarla əsaslandıraraq müdafiə büdcəsini 1 trilyon dollara çatdırmağı təklif edirdi.
Xatirə SADİQ