ABŞ sülh naminə Rusiyaya enerji sazişləri təklif edib
Ukraynada sülhə nail olmaq üçün bu ay aparılan danışıqlar zamanı ABŞ və Rusiya hökumətlərinin nümayəndələri bir neçə enerji sazişini müzakirə ediblər.
SAVASHMEDİA.az xəbər verir ki, bu barədə “Reuters” mənbələrə istinadən məlumat yayıb.
Mənbələrin sözlərinə görə, razılaşmalar Kremli Ukraynada sülhə, Vaşinqtonun isə Rusiyaya qarşı sanksiyaları yumşaltmağa təşviq etmək üçün təklif edilib.
Üç mənbə bildirib ki, məmurlar “Exxon Mobil”ın Rusiyanın “Saxalin-1” neft-qaz layihəsinə qayıtması imkanlarını müzakirə ediblər, Rusiyanın mayeləşdirilmiş təbii qaz hasilatı layihələri, xüsusən də Qərbin sanksiyaları altında olan “Arktika LNG-2” üçün Amerika avadanlıqları alması ehtimalı ilə bağlı məsələ qaldırılıb.
Başqa bir fikir ABŞ-nin Rusiyadan nüvə buzqıran gəmiləri alması ilə əlaqədar olub.
Müvafiq danışıqlar ABŞ prezidentinin xüsusi elçisi Stiv Uitkoffun bu ayın əvvəlində Moskvaya səfəri zamanı Rusiya lideri Vladimir Putin və onun investisiya üzrə nümayəndəsi Kirill Dmitriyevlə görüşü zamanı baş tutub.
Mənbələrdən biri bildirib ki, avqustun 15-də Alyaska sammitində də müqavilələr qısa şəkildə müzakirə edilib.
“Ağ Ev Alyaska sammitindən sonra iri investisiya müqaviləsi haqqında elan etməklə manşetlərə çıxmağa can atırdı. Tramp belə yolla hiss edir ki, o, nəyəsə nail olub”, - deyə mənbələrdən biri vurğulayıb.
Agentlik xatırladıb ki, Alyaska sammiti ilə eyni gündə Putin “Exxon Mobil” da daxil olmaqla xarici investorlara “Saxalin-1” layihəsindəki payları geri almağa icazə verə biləcək fərman imzaladı. Bu, xarici səhmdarların Rusiyaya qarşı Qərb sanksiyalarının ləğvini dəstəkləmək üçün addımlar atıb-atmamasından asılıdır.
Qeyd edək ki, “Exxon” şirkəti 2022-ci ildə Rusiyanın Ukraynaya qarşı geniş miqyaslı hücumundan sonra 4,6 milyard dollar itki verməklə Rusiya biznesindən çıxıb. Şirkətin “Saxalin-1” layihəsindəki 30 faizlik payı elə həmin il Rusiya tərəfindən müsadirə olunub.
Xatirə SADİQ