Açaq sandığı - Tarix dərsi
Kişilər haqqında deyilir ki, sirli olmaq qızları cəzb edir. Deyəsən, bu yazıdan sonra cazibəmi itirəcəyəm. Hərçənd, açacağım “sirlər” də mənim deyil.
İndi heç bir ölkədə kadr məsələlərində şəbəkə, sxem, cədvəl anlayışı işləmir. Vəzifə, orden və medallar adi üsulla paylanır: bu – Əhməd dayının oğludur, o – Sənubər xalanın gəlinidir, bu qız (Butina) Rusiyanın Amerikada casusu olub, bu biri Putinlə xokkey oynayan dostunun qızıdır...
Sovet dövründə isə hətta partiya sıralarına qəbul qabaqcadan təsdiqlənmiş cədvəl, sxem üzrə keçirilirdi. Məsələn, Azərbaycanda əhalinin əksəriyyəti milliyyətcə azərbaycanlı idi. Neçə faizi təşkil edirdisə, həmin mütənasiblikdə Sov.İKP-yə qəbul oluna bilərdi. Belə normativ statistik məlumatlar əsasında müəyyənləşdirilirdi. Sonrakı yerlərdə ruslar, ermənilər, “digər millətlər” gəlirdi.
Ayrıca cədvəl namizədin cinsi, sosial vəziyyəti, təhsili, yaşı üzrə tutulurdu. Proletar diktaturası rəsmən bəyan olunduğuna görə, fəhlə sinfinə üstünlük verilirdi. İstehsalatda ali təhsilli gənc mütəxəssis mövcud qanuna əsasən bir ildən sonra mütləq mühəndis vəzifəsinə keçirilməli idi. Hiyləgərlər karyera inkişafını düşünərək, prosesi ləngidir, əvvəlcə fəhləlikdən Sov.İKP üzvlüyünə namizəd olmağa çalışırdılar. Axı partiya da onlara və hər kəsə məhz və yalnız karyeraya görə lazım idi.
Bütün millətlər üzrə plan yerinə yetirilməli olsa da, vacib – rusdur. Ən optimal, alqışlanan variant isə bu idi: namizəd rus, qadın, ali təhsilsiz, cavan, komsomolçu, fəhlə olsun. Partiya qapıları beləsinin üzünə taybatay açıq idi. Kimin üzünə bağlı olurdu – ticarət, ictimai iaşə, milis işçilərinin. Onlar həmin qapıları rüşvətlə açırdılar.
Orden və medallı fəhlə və briqadirlərin portretləri qəzet səhifələrindən, televiziya ekranlarından əskik olmurdu. Axı onlar bütün dövlət planlarını və sosialist öhdəliklərini yerinə yetirirdilər. Necə? Xüsusi texnikanın və materialların böyük defisit olduğu şəraitdə həmin briqadalar tam təmin edilir, başqaları isə həftələrdə gözləmə rejimində dururdu. Nəticədə, birincilər hesabda da birinciyə, əmək, istehsalat qabaqcılına çevrilirdilər. Əgər kağızda, hesabatda nə isə düz gəlmirdisə, çatışmazlığı qələmin vasitəsilə aradan qaldırırdılar. O dövrün bütün əmək qabaqcılları, rekordçuları saxta, əldəqayırma idi. Qabaqcıl isə, təbii ki, orden və medal alır, laureat olur, partiya və sovet orqanlarına üzv, deputat “seçilirdilər”.
Sovet dövründə istefa söhbəti yox idi: partiya vəzifəyə təyin edir, vəzifədən azad edirdi. Amma heç kəs bu “azad”lığı arzulamırdı. “İstefa” sözü ilk dəfə Əbdülrəhman Vəzirova qarşı etiraz nümayişlərində səsləndi. Ermənisifət katib meydandan gələn “İstefa! İstefa!” tələbini “Mustafa! Mustafa!” kimi anlayaraq, soruşdu: “Mustafa kimdir?”. Xalq ona “Bambılı” ləqəbi vermişdi. Azərbaycan dilini başa düşmədiyinə görə o sözü də başqalarından xəbər almışdı. Açıq mikrofon qarşısında...
Qanlı 20 yanvar faciəsindən sonra hərbi təyyarədə Moskvaya qaçan Vəzirov puç ömrünü layiq olmadığı Azərbaycandan uzaqda başa vurdu.
Kadr məsələləri ilə bağlı cədvəl məzəli hadisələrə də aparıb çıxarırdı. Bakının sənaye rayonlarının birindən mükafata təqdim olunmaq üçün namizəd istədilər. Namizədə konkret tələblər irəli sürüldü. Anketi doldurub yuxarı orqana göndərdilər. Və unutdular. Xeyli müddət keçdikdən sonra həmin şəxs barədə sorğu gəldi. Onu Sosialist Əməyi Qəhrəmanı adı verməkdən ötrü görmək istəyirdilər. Rayonda qalmaqal düşdü. Fəhləni işdə tapmadılar. O, evdə də yox idi. Məlum oldu ki, Rusiyadadır, bazarda meyvə satır. Əldəqayırma qəhrəmanı axıradək qayırmaq üçün təcili surətdə Bakıya çatdırdılar. Səliqəyə saldılar, tapşırıq verib, işıqlı gələcək həyata yolladılar... Əlbəttə, o, heç vaxt qəhrəman adına layiq olmadı, amma ildə bir dəfə Sovet İttifaqının istənilən yerinə pulsuz səyahət etmək, vağzal, kino, teatr kassalarında növbədənkənar bilet və əlbəttə dövlətdən gözəl binada mənzil almaq hüququ qazandı.
A.ƏZİZ