Avropa (İT)tifaqı
Bu ittifaq əvvəlki iqtisadi birlik çərçivəsini hələ də qoruyub saxlayır.
3.Yoxdur qardaşlıq!
Çox il bundan əvvəl qiymətləri müqayisə etdikdə gördüm ki, banan, ananas Azərbaycanda havası dözülməz şaxtalı keçən Norveçdən, digər Skandinaviya ölkələrindən bahadır. Səbəb çox sadə idi. Bizim idxalçılar malı az miqdarda və bəzi hallarda üçüncü ölkələrdən (Rusiya, Əmirliklər) daşıyırlar. Avropa İttifaqı isə külli miqdarda sifariş verib Afrika və ya Latın Amerikasından birbaşa lazımi bölgəyə aparırdı.
Bu ittifaq əvvəlki iqtisadi birlik çərçivəsini hələ də qoruyub saxlayır. Lakin dünya siyasətində iddialı olduğu rolu oynamaq üçün qitə Avstraliya kimi vahid dövlətə çevrilməlidir. İndi hər hansı məsələdə konsensus alınmayanda Orban-Fits əyləci inkişafı dayandırır. Amma bundan da ciddi problem var: hər dəfə ölkələr daxilində seçki keçirildikdə, Brüsseldəkilərin canına vəlvələ düşür ki, hakimiyyətə filan şəxs ya da partiya gələr, həmin dövləti Aİ-dən çixarar. Belə olmasın deyə, üzvlük məsələsi birdəfəlik həllini tapmalıdır. Necə? Üzv dövlətlər öz suverenliyindən imtina etməlidir.
İttifaq ölkələrini kəskin şəkildə fərqləndirən ərazi, dil, mədəniyyət, dini təriqət məsələləri deyil, həyat səviyyəsidir. Ölkə var ki, yüksək səviyyəni öz güclü iqtisadiyyatı, ağır sənayesi, qabaqcıl elmi nailiyyətləri ilə təmin edir. Başqası isə turistlərin əlinə baxır, onlardan təkcə fontanlara atılan xırda pulu yox, otellərə, istirahət xidmətlərinə, mağaza və restoranlara ödəniş gözləyir. İqlim dəyişəndə, belələrinin halı pis olacaq!..
Bir vaxt ümumi Avropa dəyərləri bəyan edilmişdi. Sonra məlum oldu ki, ümumi dəyər absurddur. Əlbəttə, hamı yaşamaq, yemək, geyinmək, gəzmək və sair istəyir. Amma avropalılardan kimsə aborta, eyni cinslə evlənməyə, ölüm cəzasının ləğvinə, miqrantların qəbuluna pis baxır. Özü bilər. Məcbur etmək - onun haqqını pozmaqdır. (Söhbət şıltaq fərdlərdən yox, əqidəli kütlədən gedir).
Avropa İttifaqının bütün mövcudluğu dövründə iqtisadi maraqların kəskin qarşıdurması olub. Ölkələrin aqrar sektorları arasında dəfələrlə sitrus, üzüm, pamidor müharibələri baş verib, qiymət aşağı salınmasın deyə, yiğılmıs portağalı buldozerlə əziblər, tonlarla süd küçələrə axıdılıb... Şərabçıların barışmaz rəqabəti dövlət səviyyəsində narazılıq yaradıb. Zarafat deyil. Bir tərəfdən İspaniya, İtaliya, Fransa kimi məşhur şərab istehsalçıları, o biri yandan da Portuqaliya dünya brendlərinə sahibdir. Maraqlıdır ki, hər münaqişə zamanı "İttifaqdan çıxaram!" hədəsi səslənib. Təsəvvür edə bilərsənmi Tovuz və Şamaxı şərabçiları çəkişərək, Bakını Azərbaycan Respublikasının tərkibindən çıxmaqla hədələyir?.. Bir daha: Avropaya dövlət olmaq lazımdır. Bir parlament, bir hökumət! ABŞ nümunəsi əsasında federasiya da yaratmaq labüddür.
Bizə əhsən - bunu da yoluna qoyduq. Bəs paxıllıqla nə edək? Axı avropalılar xalq kimi bir-birinin paxıllığını çəkirlər. Hər yerdə olduğu kimi, onlara elə gəlir ki, qonşusunun arvadı daha gözəl, bağındakı ot daha yaşıldır...
"Euronews" telekanalı avropalıların fikrini soruşurdu. Qadın müxbir çoxtonnajlı avtomobilin kabinəsində ispan sürücü ilə söhbət edirdi. Yaşlı fəhlə hiddətlənirdi ki, maşında uzaq məsafəyə sitrus daşımaqla alman fəhləsindən az maaş alır. Bu zaman həmin almanın istehsal etdiyi maşını sürürdü. Deyərdim, "Xoşuna gəlmir - min öz mandarininə - get!". Danışmaqdan öncə düşünmək lazımdır! Əziz azərbaycanlı Oxucu! Çoxmu ispan avtomobil markası tanıyırsan? Yox? Heç olmasa birini de. Yenə alınmır? Onda alman markalarını say. Yaxşı, yaxşı, kifayətdir...
Paxıllığın başında bəzən adi nadanlıq, düşüncəsizlik durur. Necə ki, şərqi Avropada - Slovakiyada, Çexiyada, Sloveniyada - iri avtomaşın sürücüləri yük daşıyıb qərbi Avropa sürücülərindən az maaş alırlar. Marşrut eyni, məsafə eyni, yük eyni, amma əməkhaqqı - fərqli. Narazıdırlar. Düşünmək istəmirlər ki, ailəsinin yaşadığı ölkədə qiymətlər də Parisdəkindən aşağıdır. Digər tərəfdən isə qərbdəki sürücü inciyir ki, nəqliyyat şirkəti işə qəbul edərkən şərqli sürücülərə üstünlük verir. Verəcək! Bu seçim də onun qanuni haqqıdır. Axı o, öz biznesini daha sərfəli qurmalıdır.
Bilirəm, bəzən qardaş qardaşa, bacı bacıya paxıllıq edir. Bir-birinə qardaş olmayan avropalılara nə qalıb! Lakin dövlət, sərhədlər, qanunlar bir olarsa, problemlər öz həllini rahat tapar.
Yenə doğma Azərbaycana nəzər salaq. Ləzgi dilində başa düşmürəm, amma ləzgilərlə həmişə dil tapmışam. Tanış talış qadın var. Azərbaycan dilini heç bilmir. Lazım da deyil. Çünki doğulduğu gündən çıxmayıb kəndindən. Lerikdən aşağı enməyib.
Müasir avropalıların təhsil səviyyəsi yüksəkdir. Cavanlar azı bir, bəzən daha artıq xarici dildə sərbəst danışırlar. Kim danışmırsa, deməli öz "Lerik"i ona kifayətdir.
Mən isə bütün Avropa dillərində tam sərbəst susa bilirəm. Mən,
A.ƏZİZ,
bir az poliqlot.