“Avropa liderləri hələ də mənə müraciət edirlər” – Co Bayden
ABŞ-nin keçmiş prezidenti Co Bayden Ağ Evi tərk etdikdən sonra belə Avropa liderlərinin hələ də məsləhət almaq üçün ona müraciət etdiyini bildirib.
SAVASHMEDİA.az “The Wall Street Journal” nəşrinə istinadən xəbər verir ki, Bayden bu sözləri iyulun 2-də San Dieqoda çıxışı zamanı deyib.
Keçmiş prezident çıxışı zamanı indiki dövlət başçısının adını bir dəfə belə çəkməyib. Lakin o, Amerikanın dünya səhnəsindən çıxmasının riskləri barədə xəbərdarlıq edib və öz prezidentliyi dövründə NATO-nun gücləndirilməsi istiqamətində atdığı addımları tərifləyib. Bu addımlar arasında o, NATO-nun genişləndirildiyini və əhəmiyyətli dərəcədə gücləndiyini sadalayıb. Bayden xatırladıb ki, Ağ Evə gələndə alyans “xarabalıq üzərində” idi.
Bayden onu da qeyd edib ki, prezidentliyinin bəzi əsas nailiyyətləri “çox cəld dəyişir”.
O, deyib ki, dünya siyasəti ilə məşğul olmağa davam edir və etiraf edib ki, həm demokrat, həm də respublikaçı liderlərlə müntəzəm əlaqə saxlayır.
“The Wall Street Journal” xəbər verir ki, Baydenin sözlərinə cavab olaraq Ağ Ev iyulun 2-də keçmiş prezidentin xarici siyasətini tənqid edərək, onu “həmişəkindən daha zəif” adlandırıb.
“Heç kim qətiyyən Co Baydenə məsləhət üçün müraciət etmir, çünki onun fəlakətli xarici siyasəti Amerikanı əvvəlki ilə müqayisədə zəiflədib. Prezident Trampın sayəsində NATO müttəfiqləri müdafiə xərclərinə dair 5 faizlik tarixi öhdəlik götürüblər, İranın nüvə potensialı məhv edilib və ölkəmizin dünya miqyasında durumu bərpa edilib”, - deyə Ağ Evin mətbuat katibi Anna Kelli brifinqdə bildirib.
Xatirə SADİQ