Avstraliyanın baş naziri Rusiyanı hədələdi – “O, ölübsə…”

Avstraliyanın baş naziri Entoni Albanizi Ukrayna uğrunda döyüşən və ruslara əsir düşən Avstraliya vətəndaşı Oskar Cenkinsin öldürülməsi barədə bəzi KİV-lərin xəbərinə sərt reaksiya verib. 

Jan 15, 2025 - 14:49
Avstraliyanın baş naziri Rusiyanı hədələdi – “O, ölübsə…”

SAVASHMEDİA.az “CNN”ə istinadən xəbər verir ki, baş nazir mətbuat konfransında özünü Rusiyanı hədələməkdən saxlaya bilməyib. 

“Biz artıq Rusiya səfirini çağırmışıq və faktların ortaya çıxmasını gözləyəcəyik. Lakin əgər Oscar Jenkinsə hər hansı bir zərər vurulubsa, bu, tamamilə biabırçılıqdır. Və Avstraliya hökuməti ən qətiyyətli tədbirləri görəcək”, - deyə hökumət başçısı vurğulayıb. 

Avstraliya baş nazirinin kəskin reaksiyasına baxmayaraq, o, Kanberranın Moskvaya münasibərdə hansı tədbirlərə əl atacağının təfərrüatlarını açıqlamayıb. 

“CNN”in məlumatına görə, ruslar keçən ay avstraliyalı Jenkins əsir götürüblər. Sonra internetdə onun dindirildiyi bir video ortaya çıxıb. Lakin telekanal bu hadisənin geolokasiyasını təyin edə bilməyib. Kadrlardan görünür ki, Cenkinsin əlləri möhkəm bağlanıb və o, rus dilində verilən sualları başa düşməkdə çətinlik çəkir.

Avstraliyanın “ABC” və “CNN”-in filialı “Seven News” bu həftə Cenkinsin əsirlikdə öldürüldüyünə dair ehtimalla bağlı xəbər yayıb. Telekanallar Ukraynadakı mənbələrə istinad ediblər, lakin onların adlarını açıqlamayıblar.

Xatirə SADİQ