Düşündürən düşüncələr - 5
Ölümə nifrət edirsən? Etmə. Ölümdən qorxursan? Qorxma.
Ölüm pisdir? Mən də onu sevmirəm. Amma günahkar həyatdır. Həyat olmasaydı – ölüm də olmazdı.
Yadda saxla: Nə qədər ki, ölüm var – həyata zaval yoxdur! Çünki hər ölüm yeni həyata güc, təkan verir.
* WhatsApp-da “Mustafa” yazdım, “Ceceli” çıxdı. Bəs “Kamal Atatürk” harada qaldı?
* Hippokrat deyib: “Ümidsiz xəstəlik zamanı təhlükəli dərman tələb olunur”. Bəlkə o, məhz evtonaziyanı nəzərdə tuturmuş...
* Kompyuterçi qızla tanış oldum. Onu öpmək istəyəndə, dedi: “Sübut et ki, robot deyilsən”...
* Sən hələ də restoranda yeyirsən? Ye, amma bil ki, cüzi qovğa, mübahisə baş versə, süfrənə “cavab” gələcək: bəlğəm, sidik, sperma, tüpürcək, yaxud fırtıq... Çeşid var, seçim yoxdur. Sənin “bəxtinə”. Özü də, axırda verəcəyin “çaylıq” pulun məsələyə qətiyyən dəxli yoxdur. Əgər kiminsə xoşuna əvvəldən gəlməmişdinsə, murdar qida qaçılmazdır.
Sən hələ də restoranda, kafedə, ictimai iaşə obyektlərində yeyirsən? Bəlkə evdən sifariş edirsən? Tanımadığın adamlara. Ye, nuş olsun! Bəs pitsa sənə heç nəyi xatırlatmır? Kəsikləri bir-birindən dartıb ayırarkən...
* – Azərbaycanın az qala bütün telekanalları Rusiya istehsalı olan filmləri göstərir. Bundan başqa, kabel operatorlarında “Первый”, “Россия”, “Русское”, “НТВ”, “ТНТ”, “СТС”, “Родное кино”, “Наше новое кино”, “Время”, “Ностальгия”, “Киносвидание”, “Киносемья”, “Кинопремьера”, “viju ТВ1000” və daha bir neçə Rusiya kanalı keyfiyyətsiz rus filmlərini məhz rus dilində nümayiş etdirir.
Əgər onların yayımı hər hansı səbəbdən dayandırılarsa, necə olacaq?
– Bəs Ailə TV-nin “Kinozal”ı nə üçündür? Bu kanal ən zövqsüz rus filmlərini və musiqisini uğurla təbliğ edir, ölkəmizdə yaşadır. “Yaşa”, belə zövqsüzlük və düşüncəsizlik!
* Deyirlər, hava çox isti olanda çimərliyə getmək lazımdır.
Əlbəttə, çünki orada həm istilik daha yaxşı duyulur, həm rütubətdən nəfəs daralır, həm də dərini yandırıb xərçəng xəstəliyi qazana bilərsən.
İsti havada evdə oturma, sərinkeşlərdən istifadə etmə. Çıx küçəyə, get meydana. Gəz qızmar günəş altında və zarı: “Vay, nə yaman istidir...”.
* Azərbaycanlı musiqiçilərə dəstək verməkdən ötrü bəzilərinin “YouTube” kanalına abunə oluram, layk qoyuram. Onlardan isə aylarla səs gəlmir, yaradıcılıq “balansı” yenilənmir.
O gün Şəhriyar İmanovun səhifəsini açdım. Dörd ay əvvəl bir neçə saniyə tarda səssiz (!) “dınqıldatmışdı”. Bəli, heç nə çalmamış, ifa etməmişdi. Dinamik şəkil. Altında isə bircə şərh var idi: “dayday çox gozel çalirsan ????” (olduğu kimi).
4 ay bundan qabaq, yəni “nömrə” çıxan zaman, yəqin bacıoğlu tərəfindən yazılmışdı. Şəhriyarın yerinə xəcalət çəkdim, abunəni ləğv etdim.
* Əgər əvvəllər varlılar Sağlam həyat tərzi proqramının vasitəsilə arıqlayırdılarsa, indi tələbələri, müəllimləri, pensiyaçıları və müavinətçiləri sosial siyasət üzrə Dövlət proqramı formada saxlayır...
* Ərəb tanrısının sevimlisi olan İran bütün qəzəbini toplayaraq İsrailə əqidə bombası atdı. Bomba bütöv bir dənizi öldürdü. İndi dəniz Ölü dəniz adlanır. Əkbərdir ki, əkbərdir!
* Deyirsən ki, axmaq adamlara baş qoşmayım, satıcıya, sürücüyə, mühafizəçiyə, müdirə, yoldan keçənə və keçməyib yolun ortasında dayanana fikir verməyim. Bəs nazirlə, deputatla, jurnalistlə, guya ekspertlə nə edim? Deyəsən, məni ölkədən sıxışdırıb çıxarmaq istəyirsən...
* Külbaş gecə yarısı saraydan qaçarkən ayaqqabısını itirir. Çünki tufli ayağına boş idi.
Kralın oğlu insan sağlamlığı üçün təhlükəli olan bir tay şüşə tuflini əlinə alıb ölkəni gəzməyə başlayır. Car çəkir ki, tufli kimin ayağına düz gəlsə, onu özünə arvad, krala gəlin edəcək.
Bax, buna görə monarxiya quruluşundan zəhləm gedir. Maymaqsan, giçsən, dəlisən – taxt-tac yalnız sənindir.
A.ƏZİZ