Ayxan Abbasov "müvəqqəti məşqçi" olmaq istəmir, getməyə hazırlaşır - AFFA ilə narazılıq

Fernandu Santuşun istefasından sonra futbol üzrə Azərbaycan millisinin başına keçən Ayxan Abbasovla AFFA arasında narazılıq yaranıb.

Sep 18, 2025 - 18:11
Sep 18, 2025 - 18:28
Ayxan Abbasov "müvəqqəti məşqçi" olmaq istəmir, getməyə hazırlaşır - AFFA ilə narazılıq

SAVASHMEDİA.az-ın özəl mənbələrdən əldə etdiyi məlumata görə, AFFA-nın əcnəbi məşqçi axtarışına çıxması, Ayxan Abbasovun xidmətindən isə bir neçə oyunluq istifadə etmək niyyəti tərəflər arasında anlaşılmazlığa səbəb olub.

Mənbənin sözlərinə görə, millinin baş məşqçisi kimi çıxdığı ilk oyunda 1 xal qazanan Ayxan Abbasov AFFA-dan onunla müqavilə bağlamasını istəyib.   

AFFA rəhbərliyi isə fərqli planlar qurub. Qurum qarşıdakı Fransa oyununda da Ayxan Abbasova etimad göstərmək niyyətində olsa da, onunla rəsmi müqavilə bağlamaq fikrindən uzaqdırlar. 

Mənbənin sözlərinə görə, AFFA millinin baş məşqçisi postuna əcnəbi mütəxəssis gətirmək istəyir və bu istiqamətdə axtarışlar davam edir.

Ayxan Abbasov isə yaxın ətrafına hadisələrin inkişafından asılı olaraq millidən ayrıla biləcəyini də istisna etməyib. 

Xatırladaq ki, Azərbaycan yığması oktyabrın 10-da Fransa millisi ilə səfərdə qarşılaşacaq. Oktyabrın 13-də isə Ukraynaya qarşı səfər matçına çıxacaq.

Səlcuq