Bastrıkin Azərbaycan baş prokuroruna zəng etdi 

Rusiya İstintaq Komitəsinin (İK) sədri Aleksandr Bastrıkin Azərbaycanın baş prokuroru Kamran Əliyevlə “Azərbaycan Hava Yolları”na məxsus təyyarənin Aktauda qəzaya uğraması ilə bağlı istintaqın gedişatını müzakirə edib. 

Dec 29, 2024 - 14:07
Bastrıkin Azərbaycan baş prokuroruna zəng etdi 

SAVASHMEDİA.az Rusiya KİV-nə istinadən xəbər verir ki, bu barədə İK-nın mətbuat xidməti “telegram” kanalında məlumat yayıb.

“Söhbət Rusiya müstəntiqləri və kriminalistləri arasında Azərbaycan Respublikası və Qazaxıstan Respublikasının istintaq-əməliyyat qruplarından olan həmkarları ilə yaxşı qurulmuş hərtərəfli qarşılıqlı əlaqədən gedirdi”, - deyə məlumatda bildirilib.

Bastrıkin telefon danışığı zamanı Kamran Əliyevi əmin edib ki, Rusiya ən təcrübəli, qabaqcıl kriminalistik texnologiyaya malik təyyarə qəzası təhqiqatçılarını istintaqa cəlb edib. İK rəhbəri deyib ki, Rusiya tərəfi təyyarənin qəzaya uğramasının “bütün səbəbləri və şəraitini müəyyən etmək” üçün kompleks istintaq hərəkətlərini həyata keçirir.

Xatırladaq ki, dekabrın 25-i səhər saatlarında “Embraer 190” təyyarəsi Bakıdan Qroznıya doğru uçub, lakin Çeçenistan paytaxtına enə bilməyib. Hava limanından bildirilib ki, duman səbəbindən reysi qəbul etməyiblər və Mahaçqalaya yönləndiriliblər. 

Federal Hava Nəqliyyatı Agentliyi (“Rosaviasiya”) bəyan etdi ki, quş sürüsü ilə toqquşmadan sonra “göyərtəsində fövqəladə vəziyyətə görə” təyyarə komandiri Aktaudakı alternativ aerodrome tərəf yola düşmək qərarına gəlib. Aktauda yerə enərkən təyyarədə olan 67 nəfərdən 38-i həlak olub. Onların arasında 7 nəfər Rusiya vətəndaşı da olub.

“AZAL” aviaşirkəti və Azərbaycan Nəqliyyat Nazirliyi təyyarənin xarici təsirlərə məruz qaldığını bəyan etdi. 

Azərbaycan prezidenti İlham Əliyev rusiyalı həmkarı Vladimir Putinlə telefon söhbətində bildirdi ki, sərnişin təyyarəsi Rusiya hava məkanında “kənar fiziki və texniki müdaxiləyə” məruz qalıb və idarəetməni tamamilə itirərək Aktauya göndərilib və yalnız pilotun ustalığı sayəsində qəza enişi həyata keçirilib. 

Rusiya prezidenti Vladimir Putin bu söhbətdə təyyarə ilə bağlı insidentə görə üzr istəyib.

Xarirə SADİQ