“Bayden gedənə qədər Ukraynaya hər cür kömək edəcək” – Ağ Evin sözçüsü

“Ukraynada münaqişənin gərginləşməsinə, o cümlədən Şimali Koreya qoşunlarının cəlb olunmasına görə məsuliyyət tamamilə Rusiyanın üzərinə düşür”.

Nov 22, 2024 - 11:33
“Bayden gedənə qədər Ukraynaya hər cür kömək edəcək” – Ağ Evin sözçüsü

SAVASHMEDİA.az “Amerikanın səsi”nə istinadən xəbər verir ki, bunu Ağ Evin sözçüsü Karin Jan-Pyer deyib. 

Onun sözlərinə görə, hər mərhələdə eskalasiya Rusiyadan gəlib və ABŞ başqa ölkələri Ukrayna münaqişəsinə cəlb etməmək barədə Moskvaya öncədən xəbərdarlıq edib.

O, Moskvanın Şimali Koreya qoşunlarını Ukrayna münaqişəsinə cəlb etməsini “çarəsizliyin sübutu” kimi dəyərləndirib: “İndi onlar böyük itkilər verirlər və buna görə də hərbi güc axtarışında KXDR-ə üz tuturlar”.

Jan-Pyer əmin edib ki, getməkdə olan Bayden administrasiyası hazırkı dövlət başçısının səlahiyyət müddətinin başa çatmasına qədər qalan aylarda Ukraynaya fəal şəkildə yardım göstərməyə davam edəcək.

Ağ Evin sözçüsü ötən həftəsonu ATACMS raketləri ilə bağlı ABŞ-nin mövqeyinin dəyişməsi ilə bağlı yayılmış xəbərin şərhindən imtina edib: “Məhz onlar (Rusiya) eskalasiyanı davam etdirirlər. Biz bu təcavüzə qarşı mübarizədə Ukraynaya dəstəyimizi davam etdirəcəyik”.

Xatirə SADİQ