Bayden və Netanhahu atəşkəsdən danışdılar

ABŞ prezidenti Co Bayden və İsrailin baş naziri Binyamin Netanyahu Fələstin anklavında hərbi əməliyyatların dayandırılması və girovların azad edilməsi üçün razılığın əldə olunmasını müzakirə ediblər.

Jan 13, 2025 - 13:49
Bayden və Netanhahu atəşkəsdən danışdılar

SAVASHMEDİA.az “Amerikanın səsi”nə istinadən xəbər verir ki, bu barədə Ağ Ev məlumat yayıb.

Ağ Evin bəyanatında deyilir ki, Bayden razılaşma çərçivəsində Qəzzada dərhal atəşkəsin, girovların geri qaytarılmasının və humanitar yardımın artırılmasının zəruriliyini vurğulayıb.

Netanyahunun ofisinin bəyanatında deyilir ki, baş nazir danışıqların gedişi və hazırda Dohada olan yüksək rütbəli təhlükəsizlik heyətinə girov razılaşmasını irəli sürmək üçün verdiyi mandat barədə Baydenə məlumat verib.

Liderlər həmçinin Livanda atəşkəs razılaşmasından sonra köklü şəkildə dəyişmiş regional şəraiti, Suriyada Əsəd rejiminin süqutunu və İranın regionda təsirinin zəifləməsini müzakirə ediblər.

Qeyd edək ki, ABŞ-nin vitse-prezidenti seçilmiş Cey Di Vens şənbə günü “Fox News”a müsahibəsində deyib ki, Yaxın Şərqdəki amerikalı girovların azad edilməsinə dair razılaşmanın Bayden administrasiyasının son günlərində elan ediləcəyini gözləyir.

Andiçməsinə 7 gün qalmış ABŞ prezidenti Donald Tramp isə Netanyahunun “HƏMAS”ı məhv etmək məqsədini qətiyyətlə dəstəkləyir.

Xatirə SADİQ