“Biz Ukraynanın yanındayıq” – Makron

“Ukraynanın avropalı tərəfdaşları Rusiyanın başlatdığı müharibə ilə bağlı vahid və aydın mövqeyə malikdirlər, Ukraynanı dəstəkləməyə davam edəcəklər və Avropada sülh və təhlükəsizlik üçün məsuliyyət daşıyacaqlar”.

Feb 20, 2025 - 11:14
“Biz Ukraynanın yanındayıq” – Makron

SAVASHMEDİA.az xəbər verir ki, bunu Fransa prezidenti Emmanuel Makron Aİ, həmçinin Kanada, İslandiya və Norveçdəki həmkarları ilə fövqəladə görüşdən sonra “X” platformasında yazıb. 

“Biz Ukraynanın yanındayıq və Avropada sülhün və təhlükəsizliyin təmin edilməsi üçün tam məsuliyyəti öz üzərimizə götürəcəyik. Bu, Fransanın fundamental marağıdır və mən onun qarantıyam”, - deyə Makron bildirib.

O qeyd edib ki, Fransa tərəfdaşları ilə birlikdə Rusiyanın Ukraynaya qarşı başlatdığı müharibəyə son qoymaqla bağlı Amerika prezidenti Donald Trampın mövqeyini bölüşür.

Amma avropalı tərəfdaşlar sülh naminə səylərində “Ukrayna həmişə daxil olmalı və onun hüquqlarına hörmət edilməlidir”, “Sülh davamlı olmalı və etimada layiq etibarlı təminatlarla müşayiət olunmalıdır” və “Avropalıların təhlükəsizlik narahatlıqları nəzərə alınmalıdır” prinsiplərinə riayət etməyə davam edəcəklər:

“Biz müdafiə və təhlükəsizlik xərclərinin artırılmasının və Avropa və hər bir ölkəmiz üçün potensialın artırılmasının zəruriliyinə əminik. Qərar yaxın günlərdə və həftələrdə veriləcək”, - deyə Makron əlavə edib.

Xatırladaq ki, ABŞ prezidentinin Rusiya və Ukrayna üzrə xüsusi nümayəndəsi Kit Kelloqun ölkəsinin  Rusiya-Ukrayna müharibəsinə son qoymaq üçün Avropanı dabnışıqlar masası arxasında görmədiyini bildirməsindən sonra Makron fevralın 17-də Avropa liderlərinin sammitinin Parisdə keçirilməsinə təşəbbüs göstərib. 

Xatirə SADİQ