Britaniya hökuməti Moskvaya yeni sanksiyalar tətbiq etdi

Britaniya hökuməti Rusiyaya qarşı, o cümlədən “Vagner” PMC ilə əlaqəsi olan şəxslərə qarşı 46 yeni sanksiya tətbiq etdiyini açıqlayıb. 

Nov 7, 2024 - 16:13
Britaniya hökuməti Moskvaya yeni sanksiyalar tətbiq etdi

SAVASHMEDİA.az xəbər verir ki, bu barədə “Amerikanın səsi” məlumat yayıb. 

Britaniya Xarici İşlər Nazirliyi (XİN) sanksiyalar rejimini genişləndirdiyini bildirib. Sanksiya siyahısına keçmiş ikili agent Sergey Skripalı öldürməyə cəhddə Britaniya polisinin ittiham etdiyi Denis Sergeev də daxil edilib. 

“Solsberidə “Noviçok” kimyəvi silahının hazırlanmasına və tətbiqinə Sergeev dəstək göstərib. Londondakı hücumun baş verdiyi günlərdə əlaqələndirici rolunu oynayıb”, - deyə hökumətin bəyanatında bildirilib.

Britaniya Xarici İşlər Nazirliyi qeyd edib ki, “Vagner” PMC ilə əlaqələrə görə üç Afrika ölkəsində - Mərkəzi Afrika Respublikası, Liviya və Malidə fiziki və hüquqi şəxslərə qarşı da sanksiyalar tətbiq edilib.

Yeni sanksiyalar Kremlə sıx bağı olan üç özəl muzdlu qrupa, o cümlədən “Afrika Korpusu”na, eləcə də Rusiyanın nəzarətində olan qüvvələrə bağlı 11 nəfərə təsir edəcək. 

Çin, Türkiyə və Mərkəzi Asiya ölkələrində dəzgahlar, mikroelektronika və dronlar üçün komponentlər də daxil olmaqla malların tədarük və istehsalını həyata keçirən təşkilatlar da sanksiyalara daxil olunub.

“Bugünkü tədbirlər Putinin hərbi maşınına həyati vacib avadanlıqların verilməsini pozur və Rusiyanın bütün dünyada bədxah fəaliyyətinə mane olur”, - Britaniya XİN nəzərə çatdırıb.

Rusiyanın Londondakı səfirliyi “Reuters”in yeni sanksiyalarla bağlı sorğusuna cavab verməyib.

Xatırladaq ki, Sergey Skripal və qızı Yuliya 2018-ci ilin martında İngiltərənin cənubundakı Solsberidə skamyada huşsuz vəziyyətdə tapılmışdı. Britaniya hakimiyyəti iddia edir ki, “Noviçok” Skripalların evinin giriş qapısının dəstəyinə çəkilib.

İnsidentlə bağlı polis Rusiya hərbi kəşfiyyatın (QRU) üzvü olan üç rusiyalıya qarşı qiyabi ittiham irəli sürüb. 

“Noviçok”dan təsadüfən zəhərlənən qadının ölümü ilə bağlı ictimai dinləmələr zamanı Skripalın onun həyatına sui-qəsddə Rusiya prezidenti Vladimir Putini ittiham edib. Moskva zəhərlənmədə iştirakı ilə bağlı ittihamları dəfələrlə rədd edib. 

Xatirə SADİQ