Bu aerodromlar ATACMS raketlərinin çata biləcəyi zona xaricindədir – Pentaqon rəhbəri
Ukraynaya hava zərbələri endirən təyyarələrin yerləşdiyi Rusiya aerodromları uçuş məsafəsi yalnız 300 km olan ATACMS raketlərinin çata biləcəyi zona xaricindədir.
SAVASHMEDİA.az xəbər verir ki, “Fox News” telekanalına müsahibəsində ABŞ-nin müdafiə naziri Lloyd Ostin ölkəsinin nədən Rusiyanın dərinliklərinə zərbələr endirməyə Ukraynaya icazə vermədiyini belə izah edib.
“Düşünürəm ki, onların uzaqdan zərbələr vurmağa davam etmək imkanları var və onlar bunu edəcəklər. Ukraynanın pilotsuz təyyarələr şəklində təqdim etdiyimiz çoxlu imkanları var”, - deyə Ostin vurğulayıb.
Onun sözlərinə görə, Ukrayna lap indi özünün uzaqmənzilli dronlarını da istehsal etmək iqtidarındadır.
Ötən həftə “The New York Times” yazmışdı ki, ATACMS çatışmazlığı ABŞ prezidenti Co Baydenin Kiyevin bu raketlərdən Rusiyaya dərin zərbələr endirmək üçün istifadə istəyindən imtina etməsinin səbəblərindən biridir. Pentaqon bildirir ki, Yaxın Şərq və Asiyada münaqişələr üçün nəzərdə tutulan ehtiyatlar Ukraynaya daha çox ATACMS tədarük etmək üçün sərf edilə bilməz.
Xatirə SADİQ