Aİ liderləri Trampın Qəzza planını dəstəklədilər
Avropa İttifaqı (Aİ) liderləri ABŞ prezidenti Donald Trampın Qəzzada müharibəyə son qoymaq üçün təklif etdiyi planı alqışlayıblar.
SAVASHMEDİA.az xəbər verir ki, bu barədə Avropa Komissiyasının prezidenti Ursula fon der Lyayen və Avropa Şurasının sədri Antonio Kosta X sosial şəbəkəsində yazıblar.
Avropa Komissiyasının prezidenti Trampın planını şərh edərək, “bütün tərəfləri bu fürsətdən istifadə etməyə” və müharibəni dayandırmağa çağırıb.
Onun sözlərinə görə, Aİ də Yaxın Şərqdə sülh yolu ilə nizamlanmaya töhfə verməyə hazırdır. “Döyüşlər Qəzza xalqına təcili humanitar yardımın göstərilməsi və bütün girovların dərhal azad edilməsi ilə başa çatmalıdır”, - deyə fon der Lyayen vurğulayıb.
Avrokomissiyanın rəhbəri əlavə edib ki, iki dövlətli həll “Yaxın Şərqdə ədalətli və davamlı sülhə aparan yeganə həyat qabiliyyətli yol olaraq qalır”.
Kosta isə qeyd edib ki, Qəzzada mülki əhalinin ağır vəziyyəti ilə əlaqədar müharibənin dərhal dayandırılması zəruridir.
“İsrail və Fələstin xalqları zorakılıq və terrorizmdən azad, sülh və təhlükəsizlik şəraitində yanaşı yaşamağa layiqdirlər. İki dövlətli həll Yaxın Şərqdə ədalətli və davamlı sülhə aparan yeganə əlverişli yol olaraq qalır”, - deyə AŞ sədri bildirib.
Xatırladaq ki, sentyabrın 29-da Tramp administrasiyası Qəzzada dərhal atəşkəs üçün böyük plan və bu ərazi ilə bağlı gələcək planları açıqlayıb. Tramp bildirib ki, İsrail və Yaxın Şərqin bir sıra ölkələri onun təklif etdiyi planı dəstəkləyir.
Xatirə SADİQ