Bu liman İsrailə gedən yük maşınlarını ərazisinə buraxmadı - İtaliyada 

İtaliyanın Ravenna limanı İsrailə silah daşıdığı iddia edilən iki yük maşınına ərazisinə girişi qadağan edib.

Sep 19, 2025 - 14:13
Bu liman İsrailə gedən yük maşınlarını ərazisinə buraxmadı - İtaliyada 

SAVASHMEDİA.az bu barədə “Reuters” agentliyinə istinadən xəbər verir.

Ravenna meri Alessandro Barattoni bildirib ki, liman rəhbərliyi onun və regional hökumətin İsrailin Hayfa limanına partlayıcı maddələr daşıya bilən yük maşınlarına girişi qadağan etmək tələbini qəbul edib.

“İtaliya dövləti bəyan edir ki, İsrailə silah satışını əngəlləyib. Lakin bürokratik boşluqlar sayəsində onun İtaliya vasitəsilə digər ölkələrdən keçə bilməsi yolverilməzdir”, - deyə Barattoni vurğulayıb.

Mer konteynerlərin mənşəyi haqqında ətraflı məlumat verməyib və onların içindəkilərə dair sübut təqdim etməyib.

İsrailə silah göndərilməsinin qarşısını almaq üçün oxşar hərəkətlər Fransa, İsveç və Yunanıstan kimi digər Avropa ölkələrində də dokerlər tərəfindən həyata keçirilib.

Qeyd edək ki, İspaniya bu yaxınlarda silah daşıyan İsrail gəmi və təyyarələrinin İspaniya limanlarına və ya İspaniya hava məkanına daxil olmasını qadağan edib. İspaniya həmçinin İsrail silah şirkəti ilə 700 milyon avroluq müqaviləni ləğv edib.

Xatirə SADİQ